Bakının ev bazarında nə baş verir? - İnsanlar əllərindəki pulu sürətlə əmlaka çevirir

3-11-2021, 16:38           
Bakının ev bazarında nə baş verir? -
Bakının ev bazarında nə baş verir?
Daşınmaz əmlak bazarında zamanla dalğalanmalar müşahidə edilir.

Belə ki, istər evlərin satışı, kirayəsində, istərsə də tikinti sektorunda canlanma, yaxud durğunluq özünü göstərir. Ümumiyyətlə, daşınmaz əmlak bazarı hər zaman fəaliyyətdə olan bir sahədir. Bir vaxtlar evlərin alışında əsasən nəğd alışa üstünlük verilsə də, son vaxtlar bu tendensiya dəyişib. Yəni alıcılar arasında kreditə önəm verənlər də az deyil.

Daşınmaz əmlak bazarındakı mövcud vəziyyətlə bağlı Cebhe.info-nun suallarını əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev cavablandırıb:

-Hazırda mənzil alarkən alıcılar daha çox nağd, yaxud kreditə üstünlük verirlər?

- Əmlak bazarı daha çox mövsümü xarakter daşıyır. Çünki yay aylarında bina evlərinin, qış aylarında həyət evlərinin satışı səngiyir. Hazırda Bakıda əvvəlki kimi tikinti işləri getmir. Əvvəllər hər yerdə sökürdülər, tikirdilər, tikinti şirkətləri mənzilləri bəziləri nağd, yaxud kreditlə satırdı.

Alıcı kütləsi də var idi. Son bir neçə ildir ki, tikinti işləri əvvəlki sürətlə aparılmır. Çünki bununla bağlı müəyyən maneələr var. Torpaq sahələrinin az olması, tikinti xərclərinin baha olması, materialların qiymətlərinin artması kimi faktorlar var və şirkətlər də gözləyirlər ki, bazarda bir stabilləşmə yaransın. Bu gün köhnə binalarda satılan mənzillər var, ancaq yenidən bina tikən adam köhnə qiymətlərlə sata bilmir. Buna baxmayaraq, bazarda alıcı qüvvəsi var. Məsələn, elan saytlarına baxdıqda görürük ki, təqdim edilən elanlar bir müddətdən sonra yığışdırılır, çünki satılır. Ancaq nağd və kredit satışlarına baxsaq görərik ki, daha çox kreditlə satışlar üstünlük təşkil edir.

Buna MİDA vasitəsilə, ipoteka krediti, İpoteka və Kredit Zəmanət Fondunun kirayə yolu ilə evlərin satışı layihəsi daxildir. Yaxud digər tikinti şirkətləri var ki, özləri mənzilləri uzunmüddətli, daxili ipoteka kreditləri ilə satır. Bundan başqa, nağd satılan çıxarışsız həyət evləri var ki, artıq onların dəqiq statistikasını aparmaq olmur. Çünki onlar sənəd üzərindən satışı, reyestri aparılmadığına görə bu proses şəxslər arasında gedir. Çox zaman düşünürlər ki, satışlarda enmə olacaq, ancaq bu mümkün deyil. Çünki xərclər, tikinti materiallarının qiyməti artır. Hətta alıcıların sayı daha çoxdur. Kimin əlində pulu varsa, düşünür ki, gələcəkdə qiymətlərdə daha çox artım olacaq, nağd pulu əmlaka çevirim. Qeyri-rəsmi satışlar isə daha çoxdur.

- Bir il öncə Bakıda tikinti sektoru sürətlə inkişaf edirdi və burada xeyli işçi çalışırdı. Hazırda zəifləyən tikinti sektorunda iş tapa bilməyənlər bu problemlə nə vaxtadək üzləşəcəklər?

- Əvvəllər ölkədə, xüsusilə də Bakıda daha çox söküntü və tikinti işləri aparılsa da, hazırda əvvəlki sürətlə aparılmır. Şirkətlərin böyük əksəriyyəti- kimin ki, torpaq sahəsi yoxdur- onlar gözləmə mövqeyindədir. Kim ki, zamanında tikinti üçün torpaq alıb, onlar tikirlər. Tikinti işlərinin zəif aparılması bu sektorda çalışanlar insanlar üçün problemlər yaradır. Ancaq bu, qısamüddətli olacaq. Çünki bizim işğaldan azad olunan torpaqlarımızda tikinti işləri gedir. Bir müddətdən sonra orada işlər sürətləndikdən ustalar, fəhlələr, tikinti şirkətlərinin böyük əksəriyyəti orada çalışacaqlar. Ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Digər tərəfdən, tikinti işlərinin aparılması üçün orada infrastruktur qurulmalıdır.

Bütün maneələr aradan qalxdıqdan sonra işlər sürətlə gedəcək. Yalnız fəhlə deyil, memarlar, mühəndislər, texniklər oraya cəlb olunacaq. Bölgələrdən illərdir ki, Bakıya işləməyə gəlirdilər. Daha çox tikintidə işləyirdilər ki, artıq onlar Bakıda deyil, gedib orada işləyəcəklər. Çünki həm ərazi bölgələrə yaxındır, tikintidə pul daim dövriyyədə olur. Eyni zamanda, bu proses Bakının boşalmasına gətirib çıxaracaq. Bir qrup insanlar artıq Bakıda yox, gedib orada çalışacaqlar. Məcburi köçkünlərə də orada ev tikildikdən sonra tədricən şəhərdə boşalma prosesləri başlayacaq.

- Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi – 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi - 50 manatdan 75 manata qaldırılır. Onsuz da sənədləşmə ilə bağlı problem vardı. Rüsum artımı bu vəziyyəti daha da çətinləşdirəcəkmi?

- Sənədlərin rüsumlarının artırılmasında 50 faizdən çox artım müşahidə edilir. Bu, daşınmaz əmlak bazarı, satışa və digər sahələrə maddi olaraq heç bir təsir göstərməyəcək. Çünki çox təsadüfi hallarda baş verən prosesdir. Vətəndaş bir, yaxud bir neçə dəfə ev alır, onun ödədiyi məbləğ qarşılığında 20-30 manat rüsum artımı o qədər də təsir eləmir. Bir tərəfdən, büdcə üçün faydalıdır. Yəni gün, ay ərzində bu qədər alqı-satqı, sənədləşmə prosesləri gedir, ümumilikdə, büdcə gəliri baxımından çox gəlirlidir. Çünki artım çox yüksək oldu. Ancaq vətəndaşlar üçün hiss olunmayacaq dərəcədədir. Çünki bu artım daha çox imkanlı şəxslərə aiddir. Yəni əmlakı hər vətəndaş ala bilmir, alan imkanlı şəxslərdir ki, onların da ödədikləri məbləğ, 100-200 min qarşılığında 20-30 manat qiymət artımı o dəqər çox deyil. Ancaq hər bir halda qiymət artımı xoşagələn deyil. Yalnız bu sahə deyil, ümumilikdə qiymət artımına elə bir əsas yox idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.