Məcburi köçkün , qazi oğlu ,“sevgi mesajı” məhbusu azad olunacaq?
4-11-2021, 15:39

1997-ci il doğumlu Kərimov Elməddin Mehdi oğlu 2013-cü ildə 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı qızın sevgi mesajina qarşılıq verdiyinə görə 2017-ci ildə Cinayət Məcəlləsinin 150.2.3 maddəsi ilə 5 il həbs cəzasına məhkum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanov 19.05.2017 tarixli 1 (101)-62/2017 saylı hökmlə məcburi köçkün, qazi oğlunun 16 yaşı olanda 15 yaşlı məktəb yoldaşı ilə sevgi mesajlaşmasını “aşkar surətdə yetkinlik yaşına çatmadığını bilərək seksual xarakterli zorakılıq” kimi qiymətləndirib . Düz 4 il yarımdır “cinayəti” törədəndə 18 yaşına çatmayan məcburi köçkün, qazi oğlu “sevgi mesajı”nın cəzasını çəkir. Özü də əfv hüququ olmadan! Bu hüquqsuzluq isə qarşı tərəfin şikayətçi olması ilə “əsaslandırılır” . Özbaşınalığa , humanistlik prinsipsizliyinə baxın , Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 5 dəfə (!) bakirəliyin pozulmadığına rəy versə də, heç bir dəlil-sübut, şahid ifadələri təqsiri sübuta yetirməsə də, yalnız qarşı tərəfin şərləmə ifadəsi ilə bir gənci beşillik məhbəsə məhkum edənlər, indi də, şər-şikayət tərəfinin sifarişi ilə oturub -dururlar. Hətta Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin rejim qaydalarına ciddi əməl edən məhbusun cəzasının dörddən üçünü çəkdiyindən , qalan hissədən azad edilməsi haqqında təqdimatını da Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyev təmin etməyib ki, şikayətçi var. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da bu qərarı eyni - şikayətçi olması əsası ilə qüvvədə saxlayıb. Belə çıxır, dövlət başçısı əfv fərmanı imzalayanda ittiham tərəfinin razılığını almalıdır? Bəyəm Akif Çovdarov əfvə salınanda “40 ilə (5) qəpik – qəpik yığdığı” 3 milyonunu hələ də ala bilməyən Tağı Əhmədovun fikri öyrənilib ? Ümumiyyətlə, iki yeniyetmənin arasındakı münasibətlərin xarakterindən asılı olmayaraq, Cinayət Məcəlləsinin 150-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir və buna yol verən hakimlər haqqında tədbir görülməlidir. Necə olur, 60 yaşında “müəllim” 13 yaşlı uşağı zorladığına görə 1 il şərti cəza alır, amma 16 yaşlı yeniyetmə 15 yaşlı əks cinsi ilə “mesaj sevişməsi”nə görə əfv hüququ olmadan 5 il həbs evi ilə “təltif edilir” ?!
“Sevgi məhbusu” Elməddin Mehdi oğlu Kərimovun cəza müddəti 6 aydan sonra – 19 may 2022-ci ildə başa çatır. Məhkəmə hüquq sisteminə, ədalətə inamsızlıq, insan hüquqlarına hörmətsizlik elə ümidsizlik yaradıb ki, cəza tam çəkiləndən sonra da şikayətçinin razılığının qüvvədə olacağı qorxusu var. Milli Məclisə təqdim edilən amnistiya aktı layihəsinə görə , Elməddin Kərimov 4 əsasla cəzasının çəkilməmiş hissəsindən azad edilməlidir : 1. Vətən Müharibəsi qazisinin oğludur; 2. Məcburi köçkündür; 3. “Cinayəti” törədəndə 18 yaşına çatmayan şəxsdir; 4. Cəzasının çəkilməmiş hissəsi 6 aydır. Yəqin, amnistiya aktı imzalananda ittiham, şikayət tərəfinin razılığı “əsas” kimi götürülməz.
Məğrur Bədəlsoy