Təhsil Nazirliyinin diqqətinə: - ”Repetitor valideynin seçimi yox, son şansıdır”

4-11-2021, 17:42           
Təhsil Nazirliyinin diqqətinə: - ”Repetitor valideynin seçimi yox, son şansıdır”
"Valideynlərin övladlarını repetitor yanına qoymaları məcburiyyət yox, seçimdir.

Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkil olunmasını təmin edir".

Bu fikirləri Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib. Onun sözlərinə görə, bu, təhsilin bütün pillələrinə aiddir:

"Valideyn bununla paralel olaraq, həmin xidmətlərdən istifadə edirsə, buna qadağa qoymaq bizim mandatımıza aid deyil. Düşünmürəm ki, repetitor yanına getmək məktəbdəki təhsilə inamsızlıqdan yaranır. Çünki bizdə vahid kurikulum sistemi olduğuna görə hər hansı sinifdə hansısa fənnin tədris saatı ilə bağlı fərq yoxdur. Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”.

Nazirliyin də qeyd etdiyi kimi, repetitorun xidmətindən istifadə valideynin seçimidir. Ancaq valideyni bu seçimə məcbur edən səbəbi məktəbdə axtarmaq lazımdır. Çünki tədrisin səviyyəsi valideynləri buna vadar edir və ailələr qazanclarından böyük bir hissəsəni övladlarının ali məktəbə qəbul oluna bilməsi üçün xərcləməli olurlar. Halbuki ölkədə təhsil pulsuzdur.

Bu gün məktəblərdə bir çox müəllimlər dərsə ciddi yanaşmır və dərsin başa çatmasını səbirsizliklə gözləyir ki, gedib repetitorluqla məşğul olsunlar. Başqa sözlə desək, valideyni məcburiyyətdən seçim qarşısında qoyan təhsil sistemində dəyişikliklər vacibdir.

Cebhe.info-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov da sual edib ki, doğrudanmı bu gün ümumtəhsil məktəblərində dövlət standartları tam reallaşır və ayrı-ayrı fənlər üzrə təlim həyata keçirilir:

“Əgər belədirsə, onda repetitor yanına getməyə nə ehtiyac var? Görünən odur ki, Təhsil Nazirliyində bu açıqlamanı verən ya Aqrar Universitetin məzunudur, ya da təhsillə bağlı olmayan şəxsdir. Əvvəla, heç kim şəxsi seçim olaraq gedib ildə hər övladı üçün 2 min manata yaxın ödəniş edib repetitor yanına göndərmək arzusunda deyil. Hər bir valideynin arzusudur ki, ümumtəhsil məktəblərində tədris dövlət standartlarına uyğun həyata keçirilsin. Ölkədə DİM-in həyata keçirdiyi qəbul imtahanları və yaxud da buraxılış imtahanları ümumtəhsildə keçirilən fənlərə uyğun olmalıdır. Bu baxımdan düşünürəm ki, səslənən fikir düşünülməmiş bəyanatdır. Əslində bu gün repetitorluqla bağlı valideynlərin büdcələrinə nə qədər böyük ziyan vurması, kurslara, repetitorlara nə qədər böyük çətinliklərlə ödənişlər etməsi göz qabağındadır. Bu, əslində valideynin seçimi deyil, hər bir valideynin övladının təhsil alması üçün atdığı məcburi yoldur”.

Ekspertin fikrincə, valideyni buna məcbur edən odur ki, ümumtəhsil məktəblərimizdə DİM-in qəbul imtahanları ilə bağlı ayrı-ayrı fənlər üzrə təhsil proqramları lazımi səviyyədəyerinə yetirilmir:

“Yaxud çox zəif yerinə yetirilir. Nazirliyin bu barədə səsləndirdiyi fikir reallığı əks etdirmir. Biz artıq TN-in ayrı-ayrı əməkdaşlarının reallıqdan kənar olaraq çıxışlar etməsinə öyrəşmişik. Bunun da səbəbi aydındır. Çox arzulayardıq ki, Təhsil Nazirliyində işləyən həmkarlar təhsillə bağlı insanlar olsun və belə olduğu təqdirdə onların çıxışları reallığı əks etdirərdi. Apardığım araşdırmalar göstərir ki, istər paytaxtda, istərsə də regionlarda kursların mühüm bir hissəsi nazirlikdə ayrı-ayrı şəxslərlə işləyir, yaxud da onların kurslarıdır. Bir daha qeyd edim ki, repetitor valideynin seçimi deyil, son şansıdır. Valideynin arzusu övladını oxutmaqdır. Təhsil Nazirliyinin bəyanatı verən şəxsi bilirmi ki, bir çox valideynlər övladının illik təhsil haqqını ödəmək üçün kredit götürür, borca, faizə girirlər? Repetitorluq seçim deyil, məcburiyyətdir. Təhsildə olan problemlər ucbatından valideynin son şansıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.