Neftin ən ideal qiyməti 65-70 dollar koridorunda sabitləşməsidir - ekspert

5-11-2021, 09:27           
Neftin ən ideal qiyməti 65-70 dollar koridorunda sabitləşməsidir - ekspert
Azərbaycan OPEC+-in neft hasilatının sutkalıq 400 min barel artırılması planını gələn ay dəstəkləyəcək. Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov "Bloomberg"ə müsahibəsində deyib. Eyni zamanda nazir bildirib ki, Azərbaycana neftin həddən artıq baha qiymətləri gərək deyil.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, neft qiymətlərinin qalxması həmişə ciddi fəsadlarla qarşılaşır. Çünki belə kəskin dalğalanmalardan sonra qiymətlərin növbəti mərhələdə kəskin enməsi müşahidə olunur:

"Biz bunu 2008, 2014, 2016-cı illərdə gördük. Həmçinin, keçən il də bunu yaşadıq. Yəni kəskin qiymət artımı, qiymətlərin dalğalanması həmişə növbəti mərhələlərdə kəskin qiymət enməsi ilə müşahidə olunub. Ona görə də neft istehsal edən ölkələrin əsas hədəfi sabit qiymətlərin, koridorunun müəyyənləşdirilməsidir. Çünki istehsalçılar, istehlakçılar üçün təqribən 60 -70 dollar koridoru kifayət qədər komfortlu qiymət koridorudur. Və uzun zaman bu səviyyələrdə qiymətin olmasında daha maraqlıdırlar, nəinki 110-120 dollara qalxıb, sonradan yenidən 30-40 dollara qədər enməsi".

İqtisadçı diqqətə çatdırıb ki, belə dalğalanmalar neft ölkələrinə daha böyük problemlər yaradır:

"Ona görə də OPEC+ ölkələri, o cümlədən Azərbaycan da maraqlıdır ki, qiymətlər təqribən 65-70 dollar koridorunda sabitləşsin və uzun zaman belə qalsın. Ən azından bir neçə il bu qiymət koridorunda neft qiymətlərinin olması bir sabitlik yaradacaq. Gələcək planlaşdırmanı daha asanlaşdıracaq və cəlbedici hala gətirəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru