Kirayə mənzil qiymətlərində sıçrayışın səbəbi - bir otaqlı 450- dək, dörd otaqlı min manatdan başlayaraq…
5-11-2021, 11:14

Noyabr ayı olmasına baxmayaraq, kirayə mənzil bazarında qiymətlərdə artım davam etməkdədir. Dərslər bir neçə aydır başlasa da, tələbələr hələ də uyğun ev tapa bilmirlər. Belə ki, kirayə evlərin qiyməti ötən aylarla müqayisədə qalxıb.
Məlumat üçün qeyd edək ki, əvvəllər metro yaxınlığında 1 otaqlı mənzillərin qiyməti 220 manata olduğu halda bu gün həmin mənzillərin qiyməti 300 manatdır. 1 otaqlı mənzillər 250-450 manatadək, 2 otaqlı 350-600 manatadək, 3 otaqlı mənzillər isə minimum 500 manatdan başlayaraq təklif olunur. 4 otaqlı mənzillərdə isə qiymət 800-1000 manatdan başlayır.
Maraqlıdır, kirayə mənzillərin satış qiymətinin bu qədər yüksəlməsinin səbəbi nə ilə bağlıdır?
Nüsrət İbrahimli: “Ötən illə müqayisədə də kirayə qiymətləri 5,92 faiz bahalaşıb”
“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, sentyabr ayında Bakıda mənzillərin kirayə qiyməti 13,16 faiz bahalaşıb. Onun sözlərinə görə, ötən illə müqayisədə də kirayə qiymətləri 5,92 faiz bahalaşıb. Ay ərzində 1 otaqlı kirayə mənzilin orta qiyməti 416 manat, 2 otaqlı kirayə mənzilin orta qiyməti 460 manat, 3 otaqlı kirayə mənzilin orta qiyməti 582 manat, çoxotaqlı kirayə mənzilin orta qiyməti isə 769 manat təşkil edib.
Ekspert əlavə edib ki, kirayə mənzillərin qiymətinin artmasına əsas səbəblərdən biri ali təhsil müəssisələrində əyani tədrisin açılmasından sonra Bakıya tələbələrin gəlməsi ilə bağlıdır.
Elşad Məmmədov: “Bakı şəhərində tikinti bolluğunun olmasına baxmayaraq, mənzillərin qiymətlərində real alıcılıq qabiliyyətindən çox uzaq rəqəmlər mövcuddur”
İqtisadçı ekspert Elşad Məmmədov bildirdi ki, problemin səbəbi tikinti sektorunda inhisarçılıqla bağlıdır: “Son illər, xüsusilə Bakı şəhərində tikinti bolluğunun olmasına baxmayaraq, mənzillərin qiymətlərində real alıcılıq qabiliyyətindən çox uzaq rəqəmlər mövcuddur. Sözsüz ki, bu, kirayə mənzil bazarında da öz əksini tapır. Hesab edirəm ki, keçmiş sovet dövründən qalan mənzil fondu olmasaydı, bu gün Azərbaycanda kirayə bazarındakı vəziyyət ümumiyyətlə “katastrofik” olardı. Çünki yeni tikili mənzillərdə həm onların satışı, həm də kirayəsi ilə bağlı mövcud olan qiymətlər əhalinin alıcılıq qabiliyyəti ilə heç bir bağlılıq göstərmir. Çıxış yolu isə tikinti sektorunda inhisarçılığın aradan qaldırılması və bank sektorunun real faiz siyasətinin həyata keçirilməsidir. Bir zamanlar İpoteka Fondu ilə bağlı qərar oldu ki, tikilən binaların kirayə verilməsi məsələsi öz əksini tapsın. Amma faizlər o dərəcədə yüksəkdir ki, heç kim bu qərarın effektivliyini hiss etmədi. Yalnız dövlət tərəfindən hansısa proqramların reallaşdırılması olmalıdır ki, mənzil satışına və kirayəsinə əlçatanlıq təmin olunsun. Bugünkü maaşlarla mənzil bazarındakı vəziyyət tərs mütənasibdir. Düşünürəm ki, bu problem dövlətin iştirakı olmadan həll olunmayacaq. Çünki tikinti şirkətləri əksər hallarda inhisarçılıq meylləri ilə idarə olunur. Ona görə də qiymətlərin azalması üçün həmin şirkətlər heç bir səy göstərmir”.
Günel CƏLİLOVA
Bakixeber.com