Neft bahalaşır: Satışdan daxil olan vəsait niyə azalır?

6-11-2021, 07:10           
Neft bahalaşır:
Beynəlxalq Energetika Agentliyi (İEA) xəbərdarlıq edir ki, gündəlik neft tələbatı 500 min barelə yüksələcək, 2021-ci ilin sonrakı aylarında isə dünya üzrə sutkalıq kəsir 200 yox, 700 barrel təşkil edəcək.

OPEC+ ölkələrinin ixracı artırmaq vədini yanvar ayına qədər gözləmək lazım gələcək. Qiymətlər üç il ərzində rekord həddə çatıb, “Brent” markalı neftin bir bareli 85 dolları keçib. Ekspertlərin fikrincə, ötən il neftin orta ixrac qiyməti 41,9 olmuşdusa, cari ilin birinci yarısında o, artıq 62,5 dollara çatdı, ümumi illik qiymət isə 70 dolların üstündə olacaq.

Neft bazarında baş verən dəyişikliklər Azərbaycan gəlirlərinə necə təsir edəcək?

Neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda neft qiymətləri real bazar şərtlərinə bir o qədər də uyğun deyil:

“Çünki hazırkı dövrdə neftin ədalətli qiymət dəhlizi 68-75 dollar arasında dəyişməlidir. Belə olan təqdirdə, qlobal neft bazarlarında yumşaq balansı tənzimləmək mümkündür. OPEC və müttəfiq dövlətlərin noyabr toplantısı ərəfəsində dünyanın aparıcı dövlətləri, əsasən, ABŞ, Yaponiya, Hindistan kimi ölkələr yüksək neft qiymətləri qarşılığında hasilat həcmlərinin artırılmasını tələb edirdilər. Hasilat həcmlərinin artırılması elə də sadə məsələ deyil. Çünki OPEC daxilində Anqola, Nigeriya və digər Afrika dövlətləri hasilat kvotalarını yerinə yetirmək gücündə deyillər. Ona görə də heç OPEC üzvü olan dövlətlər Vyana sazişində götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər, nəinki hasilat həcmlərini artırsınlar. Digər tərəfdən, bazar iştirakçıları hesab edirdilər ki, yüksək qaz qiymətləri, qarşıdan gələn qış mövsümündə zəif qaz tədarükü qarşılığında digər alternativ maye və bərk hidrogenlərə keçid qaçılmaz olacaq. Yəni daş kömürə, maye karbohidrigenlərə tələbat artacaq”.

Ekspert deyib ki, neftin indiki qiymətləri adıçəkilən neft məhsullarının beynəlxaq satış qiymətlərini qaldırıb:

“İndi neftin ortalama satış qiyməti 82-83 dollardır. Əgər 81 dollardan götürsək, deməli, neft məhsullarının qiyməti 800 dollara yaxınlaşıb. Belə olan təqdirdə, neft məhsullarının qiyməti elə təbii qazın spot bazarlardakı qiyməti ilə eyni səviyyəyə gəlir. Bu baxımdan yanaşma doğru deyil. Enerji böhranının birinci yaranma səbəbi təbii qaz qıtlığı ilə bağlı olmayıb. Burada bu faktor da var idi. Ancaq dünyanın enerji balansında son iqlim tələbləri ilə bağlı əvvəlki illərdə mövcud olan tərəzi pozulub. Bu baxımdan OPEC qarşıdakı aylarda da bazarın tənzimlənməsi ilə bağlı əvvəlki ənənələrinə sadiq olmalıdır. Sazişi imzalayan dövlətlərdən biri də Azərbaycandır ki, biz axırıncı, yəni 5,3 milyon barellik paketin daxilindəyik. Hər ay da hasilat həcmlərini artırmağa nail oluruq.

Bu baxımdan Azərbaycan və digər Vyana sazişi iştirakçısı olan dövlətlər neft qiymətlərinin sabit olması ilə yanaşı, bazarda tələb-təklif balansının qorunub saxlanmasında maraqlıdıır. Əgər bu balans qorunarsa, neftin qiymətlərində də bir sabitləşmə olacaq. İndi Amerika bankları elan edir ki, ilin sonuna neft qiymətləri 90 dollara çatacaq, gələn il II rübdən başlayaraq 120 dolları keçəcək. Ancaq bu, həm də dünyanın iqtisadi inkişafına, ÜDM istehsalının tempinə mənfi təsir göstərəcək. Ona görə də OPEC və müttəfiq dövlətlər bəyan edirlər ki, indiki bazar qiymətləri neft hasil və ixrac edən dövlətlərin maraqlarına uyğun deyil. Elə bir qiymət olmalıdır ki, o qiymət ortamında həm hasilatçıların, həm də istehlakçı dövlətlərin maraqları təmin edilsin. İndiki məqamda 68-75 dollar bazarın tənzimlənməsində ən optimal qiymətdir”.

Ekspertin fikrincə, yalnız Azərbaycan deyil, Rusiya, Küveyt, Səudiyyə Ərəbistanı və digər neft ixrac edən dövlətlər, dünyanın neft yaraqlarında aparıcı mövqedə olan aparıcı enerji şirkətləri ili kifayət qədər mənfəətlə başa vuracaqlar:

“Bizim bu il Neft Fonduna neft satışından daxil olan vəsait 6 milyard dollara yaxındır. Bizdə artıq təbii azalmalar baş verir və bu, neft gəlirlərinə mənfi təsir göstərir. 2009-2010-cu illərdə DNF-na mənfəət neftinin satışından 16-17 milyard dollar vəsait yatırılırdı. Hazırda 6 milyarda yaxındır və kifayət qədər azalma var. Bu, birbaşa neft hasilatında azalmalarla bağlıdır. Qarşıdakı illərdə “Qarabağ” strukturunda, Türkmənistanla ortaq işlənəcək “Dostluq” yatağında və Abşeron yarımadasının Dayazsulu dəniz bloklarının işlənməsinə başlandıqdan sonra Azərbaycanda bir müddət neft hasilatında sabitliyə nail olmaq olar. Bu yataqlar Azərbaycanda neft hasilatının müəyyən müddətdə hasilat həcmlərini sabit vəziyyətdə saxlamağa yardımçı olacaq. Eyni zamanda, beynəlxalq bazarda satışından da müəyyən mənfəətlərimiz olacaq”.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.