Məmur biznesi bahalaşmadan 9 milyard qazanıb

6-11-2021, 07:08           
Məmur biznesi bahalaşmadan 9 milyard qazanıb
İqtisadçı: "Hazırkı sürətli qiymət artımlarını gəlirlərin azalması ilə izah etmək absurddur"

Son 3 ildə Azərbaycanda ərzaq və digər gündəlik tələbat malları davamlı olaraq bahalaşır. 2021-ci ildə kommunal xidmətlərin, yanacağın qiymətlərinin artırılması digər sahələrə də zəncirvari təsir edib. Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarında bahalıq kiçik rəqəmlərlə olsa da, etiraf edilir, amma qiymət artımlarından ailə büdcələrinə dəyən zərərin miqdarı açıqlanmır. Nəzərə alsaq ki, istehlakçılar həm tariflərin, həm də ümumi istehlak zənbilinin bahalaşmasından zərər çəkir, o zaman onların aylıq itkilərinin həcmi daha böyükdür.

Bahalaşma əsasən subyektiv amillərlə bağlıdır və bir neçə ciddi səbəbdən qaynaqlanır:

– Ölkədə istehsal edilən malların maya dəyərində əsas yer tutan kommunal xərclərin bahalaşması;

– Xaricdən idxal olunan ərzaq və gündəlik tələbat mallarının gömrük rüsumlarının artırılması;

– Ərzaq və gündəlik tələbat mallarının topdan və pərakəndə satışının bir neçə holdinqin nəzarətində olması, onlar arasında kartel sövdələşməsi.

– Dünyada ərzaq məhsullarının qiymətində yüksəliş.

Bazara nəzarət edən şirkətlər qiymət artımlarından kifayət qədər gəlir götürürlər. Amma onların fəaliyyətinə nəzarət edən dövlət qurumları qanunsuzluqları görməzdən gəlir. Məsələn, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi monopolist şirkətlərlə bağlı hər hansı tədbir görmür. Onların süni qiymət artımlarına qarşı reydləri var, amma bu, xırda sahibkarlıq obyektlərinin cərimələnməsi ilə yekunlaşır. Halbuki əhalini soyğunçu qiymət artımları ilə müflis edən onlar deyil, illik dövriyyəsi yüz milyonlarla olan məmur şirkətləridir.

İqtisadçı Nemət Əliyev bildirir ki, ixrac və idxal mallarının bahalaşmasından 9 aya 9 milyard manat xalis gəlir əldə edilib. Onun sözlərinə görə, 2021-ci ilin yanvar-sentyabr dövründə Azərbaycan 14,6 milyard dollar mal ixracı həyata keçirib:

“Bahalaşma faizi rəsmən 41,9%-dir. Deməli, ixrac etdiyimiz malların bahalaşmasından 4,3 milyard dollar xalis gəlir əldə edilib. Bu qədər gəlirin vur-tut 4 faizi və ya 172 milyon dolları qeyri-neft məhsullarının hesabınadır”.

İqtisadçı qeyd edir ki, qalan 96 faiz neft-qaz sektoruna aid məhsulların bahalaşmasından əmələ gəlib. Onun sözlərinə görə, ölkədaxili topdansatış qiymətlərlə maya dəyəri göstəricisi arasındakı fərqdən yaranan mənfəət buraya daxil deyil: “9 aylıq bahalaşmadan götürülən gəlirlər 2020-ci ilin ixracı üzrə yaranmış bütün itkilərin hamısını, demək olar ki, kompensasiya edib. 2020-ci ildə Azərbaycanın ixrac gəlirləri 4,3 milyard dollar azalmışdı”.

Nemət Əliyev əlavə edir ki, idxal etdiyimiz malların bahalaşmasından da böyük gəlirlər əldə edilib:

“Statistika və Gömrük komitələrinin açıqladıqları məlumatlara görə, cari ilin 9 ayında 8,3 milyard dollar həcmində idxal həyata keçirilib və bu mallar 21,7% bahalaşıb. Bahalaşma həcmi 1,5 milyard dollardır. Azərbaycanın mal aldığı ölkələrdə 5-6% bahalaşma olmasını nəzərə alıb hesablasaq, 1,5 milyarddan 1 milyardın Azərbaycana qaldığı məlum olar”.

N.Əliyevin sözlərinə görə, cari ilin 9 aylıq xarici ticarətindən yalnız bahalaşma yoluyla üst-üstə 5,3 milyard dollar və ya 9 milyard manat xalis gəlir götürülüb: “Bu, ölkə daxilindəki sosial və iqtisadi zərərləri qarşılamaq üçün çox iri maliyyə mənbəyidir. Odur ki, hazırkı sürətli bahalaşmanı gəlirlərin azalması ilə izah etmək absurddur”.

pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.