Kommunal sektora özəlləşdirmə gəlir:

6-11-2021, 10:35           
 Kommunal sektora özəlləşdirmə gəlir:
“Azərbaycanın kiçik su elektrik stansiyalarının (SES) özəlləşdirilməsi mərhələli şəkildə həyata keçiriləcək”.

Bunu VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov bildirib.“Hökumət bu sahədə islahatları beynəlxalq təcrübəni dərindən öyrənməklə aparmalıdır. Biz də bu istiqamətdə müvafiq işlər aparırıq. Dövlət başçısının sərəncamına uyğun olaraq, addım-addım lazımi işlər həyata keçirilir. Bir neçə ay bundan əvvəl Azərbaycanda bərpa olunan enerji mənbələri, eləcə də enerji effektivliyi ilə bağlı yeni qanunlar qəbul olunub. Bu qanunların ölkədə tətbiqi üçün bir sıra alt qanunvericilik aktları işlənib-hazırlanmalı, qəbul olunmalıdır”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, ölkədə hələ bir neçə il öncə kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı fikirlər səslənsə də, bir sıra problemlərin olduğu bildirilirdi. Xarici investorların cəlbində proseslər isə əsasən tariflərlə bağlı idi.

Bu gün artıq ölkədə kommunal xidmətlərin qiyməti yüksəkdir və əldə edilən vəsait hər hansı sərmayəçinin xərclərini ödəmək imkanı yaradır.

Mövcud kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi başlanğıc hesab oluna bilərmi və bu sahənin inkişafına necə təsir göstərəcək?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, özəlləşdirmə “Azərenerji”, “Azərsu” kimi iri təsərrüfat qurumlarında mütləq aparılmalıdır:

“Çünki onların hamısı dövlət büdcəsindən külli miqdarda vəsait alır. Eləcə də xaricdən dövlət zəmanəti ilə külli miqdarda kreditlər götürürlər. Əvəzində isə dövlət büdcəsinə vergi ödəməli olan qurumlar sayıldıqları halda, dövlətin “quyruğunda” sürünürlər. Dövlət bu və ya digər məsələlərdə ya onların kreditlərinin qaytarılmasına zamin olur, ya da subsidiyalar, dotasiyalar verir. Bu, ondan irəli gəlir ki, onların fəaliyyətlərində çox ciddi nöqsanlar var və çıxış yolu ancaq həmin qurumların müəyyən hissəsinin özəlləşdirilməsidir. Bu, energetika sahəsinə də aiddir. Ölkədə energetika sahəsində son vaxtlar çox böyük işlər görülüb və bunların hamısı dövlət vəsaiti, yaxud da xarici maliyyə mənbələrindən cəlb olunan resurlar hesabına həyata keçirilir. Ancaq vəziyyət göstərir ki, sərf olunan vəsaitin həcminə görə effekt o qədər də yüksək deyil”.

Ekspert bir neçə il öncə Azərbaycanın ən böyük elektrik enerjisi təminatçısı olan Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəzanı xatırladıb:

“Bu stansiyada baş verən bir qəza nəticəsində ölkə demək olar ki, işıqsız qaldı. Ancaq həmin hadisədən sonra yenə də dövlət vəsaiti hesabına stansiya yeni tələblərə əsasən müasir vəziyyətə gətirildi. Onu da qeyd edim ki, adıçəkilən stansiya ölkənin elektrik enerjisinin təminatında 40 faizə qədər rol oynayır. Halbuki Azərbaycanın təbii şəraiti, imkanları elədir ki, alternativ enerji mənbələrindən də istifadə edə bilərik. Azərbaycanda bol suyu olan çaylar var. Xüsusilə də işğaldan azad edilən ərazilərdəki çaylar ilin dörd fəslində sulu olur. Bütün bunları nəzərə alsaq, orada yeni imkanlar açılır”.

Ekspert deyir ki, digər bölgələrimizdə də kiçikhəcmli su elektrik stansiyalarından yararlanmaq, onların tikintisini təşkil etmək, müəyyən bir yaşayış məntəqəsini, bir neçə kəndi işıqlandırmaq üçün müəyyən texnologiyalar tətbiq etmək imkanları var:

“Dövlət bunların hansına vəsait qoysun? Ölkənin elektrik enerjisi ilə təminatı sahəsində təhlükəsizlik tədbirləri barədə, yoxsa alternativ enerji mənbələrinin yaradılması istiqamətində düşünsün. Ona görə də bu sahədə mövcud olan hazır stansiyaların özəlləşdirilməsi, onların xaricilərə təklif edilməsli çox ağıllı bir ideya olar. Bu, ümumiyyətlə, gecikdirilmiş bir addımdır. Ölkənin energi sektoruna xarici şirkətlərin dəvət edilməsi illər öncədən tələb olunan əsas məsələlərdən biridir. Gec-tez biz ölkənin energetika sahəsinin qapılarını xarici şirkətlərin üzünə açmağa məcbur olacağıq”.

Xarici investorların gəldiyi şəraitdə elektrik enerjisinin qiymətinə, kommunal xidmətlərin necə olmasına gəldikdə isə ekspertin sözlərinə görə, onsuz da 3-5 ildən bir hökumət qiymətlərə yenidən baxır:

“Hər dəfə də bəhanə gətirilir ki, xidmətin keyfiyyətini qaldırmaq lazımdır, maya dəyərindən xərclər aşağıdır, ona görə də tarif dəyişikliklərinə getmək məcburi xarakter daşıyır. Sonuncu qiymət artımlarında da Taarif Şurasının izahatında eyni amillər göstərilir. Əgər hər 5-6 ildən bir taarifə yenidən baxılıb eyni əsaslar gətirilirsə, demək taarif dəyişiklikləri mövcud vəziyyətdən çıxış üçün effektiv xarakter daşıyan vasitə sayılmır. Bu sahələrin özəlləşdirilməsi, xarici şirkətlərə verilməsi qaçılmazdır. Bu, nəinki bu günün, illər öncənin əsas tələblərindən biridir. Düzdür, yeni texnologiyaların gəlişi kommunal xidmətlərin qiymətlərinin artmasına gətirib çıxaracaq. Ancaq hesab edirəm ki, hökumət həmin sahələrə əlavə xərc çəkib, subsidiyalaşdırma, dotasiya prosesi ilə bu sahəni saxlamaqdansa, xaricilərə versin. Əvəzində xaricilərin gördüyü işlər nəticəsində gözlənilən qiymət artımından əhalinin sosial müdafiəsini təmin etmək istiqamətində istifadə olunsun, öz maliyyəsini əhalinin sosial müdafiəsi istiqamətinə yönəltsin. Bu, hər iki sahədə həm də keyfiyyətin qalxmasına səbəb olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.