Millət vəkili AZAL-ın açıqlamasını darmadağın etdi: "bu gün "Azərbaycan Hava Yolları" dünyanın ən baha şirkətlərindən, biletləri də ən baha biletlərdən biridir."

14-01-2022, 17:26           
Millət vəkili AZAL-ın açıqlamasını darmadağın etdi:
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sosial şəbəkələrdə Bakı və İrəvandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında yayılan məlumatlara aydınlıq gətirib.

“Aviaşirkətlərdə sərt tariflər yoxdur - aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümü dəyişikliklərdən asılı olaraq müəyyən edilir. Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır. Belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur. Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq. Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcək", - deyə bildirilib.

Bu gün Azərbaycan vətəndaşlarının daha çox səfər etdikləri ölkələrdən biri Türkiyədir ki, bu səfərlər üçün qiymətlər heç də aşağı deyil. İnsanlar baha qiymətə olan biletləri almaq məcburiyyətində qalırlar. Tələbatın çox olmasını nəzərə alaraq qiymətlərin daha da ucuz olmasına şərait yaradılmalıdır ki, bunun üçün isə ilk növbədə rəqabət mühiti olmalıdır.

Qurum dünya təcrübəsinə əsaslanaraq aviabileti mümkün qədər minimal qiymətə əldə etmək üçün sərnişinin onu qabaqcadan almalı olduğunu deyirsə, niyə dünya ölkələrində ancaq bir aviaşirkətin olmadığını da bildirmir?

Qiymətlərlə bağlı AZAL-ın əsaslandırması nə dərəcədə inandırıcıdır? Teref.az-ın məlumatına görə, millət vəkili Razi Nurullayeva Cebhe.info-ya bildirib ki, bu “tövsiyələr” heç də inandırıcı deyil:

“Dünya ölkələrində insanlar əvvəlcədən bilirlər ki, nə vaxt pulları olacaq, istirahətə gedəcəklər. Ona görə də onlar əvvəlcədən onu təyin edə bilirlər. Ancaq Azərbaycanda 2-3 ay əvvəl kim bilir ki, hara gedəcək, gedib bilet alsın? İnsanlar bu gün bir tikə çörəyin axtarışındadır. Onu bəlkə də pullu, varlı insanlar müəyyənləşdirə bilərlər. Ancaq qiymətin bahalaşması ilə bağlı danışanda kasıblarla bağlı danışırıq. Kasıb haradan bilsin ki, nə vaxt xəstəsi olacaq, harasa gedəcək? İnsanın ehtiyacı olur, bilet alır və 10-15 gün sonra getmək istəyir, onda da buna nail ola bilmir. Kifayət qədər bilet də olmur. Məsələn, “Buta Airways” biletlərinin 20-30 faizi doğru olur. Qalanları doğru olmur. Həmin reyslərə bilet alanda çatışmazlıq yaranır. Hər kəs ondan yararlana bilmir. Ya uçuşların sayı çox, gündə bir neçə dəfə olmalıdır, yaxud da rəqabət üçün digər aviaşirkətlərə də icazə verilməlidir”.

Millət vəkilinin sözlərinə görə, pandemiyaya görə Azərbaycan vətəndaşları təyyarə ilə səfər edirlər:

“Ancaq ümumilikdə bu gün "Azərbaycan Hava Yolları" dünyanın ən baha şirkətlərindən, biletləri də ən baha biletlərdən biridir. Bütün bu məsələlərlə bağlı ciddi addımlar atılmalı, Azərbaycan vətəndaşları üçün təyyarə ilə səfərlər əlçatan olmalıdır. Artıq bəzi ölkələr təyyarədən taksi kimi istifadə edir, hələ biz təyyarələrə əlahiddə bir qüvvə kimi baxırıq. Bizim insanlar təyyarənin yanında “selfie” çəkdirirlər, çünki görməyiblər, ona görə də təyyarə ilə şəkil çəkdirirlər. Dünyanın hansı normal, sivilizasiyalı bir ölkəsində insan gedib təyyarə ilə “selfie” çəkdirər? Xaricdə insanlar təyyarəni o qədər görüblər ki, sanki taksidir. Azərbaycanda isə əlçatmazdır, sanki ilahi bir qüvvədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.