Sürətlə köhnələn avtoparkımız: Çıxış yolu nədir? - AÇIQLAMA

26-01-2022, 00:08           
Sürətlə köhnələn avtoparkımız:
"Bu gün Azərbaycanın avtomobil parkı köhnəlib və gündən-günə də könhəlir".

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsinin rəis müavini Əsgər Məmmədov bildirib:

"2020-ci ilin sonuna Azərbaycanda 1 milyon 264 min 542 ədəd avtomobil olub. Halbuki 1990-cu ilin sonunda bu rəqəm 260 min 210 ədəd təşkil edib. Əgər 1990-cu ildə ölkədə avtobusların sayı 14 min 44 ədəd olubsa, 2020-ci ilin sonuna bu rəqəm 30 min 757 ədədə çatıb.

Hazırda ölkədəki avtomobil parkındakı minik avtomobillərinin 993 365 ədədi 10 il və daha yuxarı müüüdətdə istifadə olunan avtomobillərdir. 220 129 ədəd minik avtomobili yaşı 5 ildən 10 ilədək, yalnız 51 048 ədəd isə yaşı 5 ilə qədər olan avtomobillərdir.

Ölkədəki avtobusların 25 829 ədədi 10 il və daha yuxar müddətdə istifadə olunan avtobuslardır. Bunun 3 632 ədədi 5 ildən 10 ilə qədər, yalnız 1 296 ədəd avtobus 5 ilə qədər istifadə olunmuş avtobuslardır. Bu da onun göstərir ki, bu gün artıq ölkənin avtomobil parkı köhnəlib və gündən-günə də könhəlir. Dövlət Gömrük Komitəsi avtomobil parkının yenilənməsi ilə bağlı ciddi işlər aparır. Bura utilizasiya proqramları da daxil ediləcək", - deyə gömrük rəsmisi qeyd edib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" imzalanıb və proqrama görə yararsız avtomobillər yığışdırılmalıdır.

Proqram uzun müddətdir icra olunsa da, problemlər qalmaqdadır. Ölkədə hazırda istifadə olunan köhnə avtomobillər həm ətraf mühitə, həm də insan sağlamlığına zərərə vurur. Eyni zamanda, avtobil qəzalarına səbəb olur.

Bəs avtomobil parkının yenilənməsi üçün nə etmək lazımdır?

Teref.az yazır ki,mövzu ilə bağlı Cebhe.info-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu məsələnin həllinə gecikmişik:

“Dövlət tərəfindən müxtəlif təkliflər verilir, layihələr həyata keçirilir. Təəssüflər olsun ki, dövrün tələblərinə uyğun olaraq qiymətlər bahalaşır. Bu, dünya avtomobil sənayesində, avtomobil bazarında baş verən prosesdir. Biz yenə də avtomobil parkımızı yeniləyə bilmirik.

Dövlət tərəfindən konkret iradə ortaya qoyulmalıdır, qiymətlər, rüsumlar 2017-ci il səviyyəsnə qaytarılmalıdır. Ən azından, 3-5 il müddət qoymaq olar ki, həmin müddətdə insanlar o qiymətlərə maşın ala bilsinlər. Başqa variant alınmır. Nə qədər təbliğat aparsanız, nə qədər danışsaq da adamın ona imkanı çatmırsa, gedib təzə maşın alması mümkün deyil. O, elə ölkənin ərazisində satılan köhnə maşınları alıb, onunla da işini yola verəcək.

Düşünürəm ki, dünyanın bir çox ölkələrində atılan addımları nəzərə almaq lazımdır. Dünya ölkələri artıq elektromobillərə, hətta uçan avtomobillər barədə düşünür, biz hələ avtomobil parkını yeniləməkdən danışırıq. Biz dünya avtomobil sənayesilə müqayisədə 50 il geriyik”.

Ekspert hesab edir ki, avtomobillərə qoyulan rüsumlar enəcəyi halda buna nail olmaq mümkündür:

“Həm əlavə dəyər vergisini, həm gömrük rüsumlarını, aksiz vergisini 2017-ci il səviyyəsinə qaytarsaq, avtomobil parkının yenilənməsi üçün çox böyük işlər görmək olar. Bu gün 7 ildən yuxarı istehsal ili olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyuruqsa, o zaman əhalinin maddi vəziyyətini də nəzərə almalıyıq. Qərar qəbul eləyəndə sosial sorğu keçirilməlidir, əhalinin güzəranı və məsələyə münasibəti öyrənilməlidir. Əminliklə deyirəm ki, bu gün köhnəlmiş avtomobil sürən şəxsin imkanı yoxdur ki, dövlətin qoyduğu qaydalara uyğun olaraq son 7 ilin istehsalı olan maşını gətirsin.

Deyirlər ki, Naxçıvanda yol qəzalar yox səviyyəsindədir. Çünki Naxçıvanda köhnə avtomobillərin gətirilməsinə qadağa qoyulub. İnsanlar da maşın almır. Naxçıvanda qəzaların baş verməməsinin səbəbi qayda-qanunlara riayət olunması məsələsi deyil. Sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qadağa qoyub, heç kim də köhnə maşınları gətirmir. Ona görə də maşınların və qəzaların da sayı azdır. Amam bu, çıxış yolu deyil”.

Elməddin Muardlı bildirib ki, utilizasiya prosesi sosial problem yaratmamalıdır:

“Utilizasiya prosesi getməlidir. İnsanlar öz xoşuyla köhnə maşınlardan imtina etməyəcəklər. Amma bunun üçün müəyyən əsas olmalıdır, addımlar atılmalı, təbliğat aparılmalıdır ki, insanlar prosesə könüllü şəkildə qoşulsunlar.

Utilizasiya ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tender elan elədi və qalib şirkətə dünya təcrübəsinə əsasən layihə hazırlanması göstərişi verilib. Bir ilə yaxındır ki, araşdırılır, ortada konkret iş yoxdur. Utilizasiyanın şərtlərini elə qoymaq lazımdır ki, sosial partlayış baş verməsin. Azərbaycanda avtomobil parkının 70 faizi köhnədir, 50 faizi orta səviyyədədir, 30 faizi isə istismara yaramır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.