Bankirlər qanuna kələk gəldilər
11-04-2016, 10:08
Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə, aprelin 9-da yerli kredit təşkilatlarının əhaliyə xarici valyuta kreditləri verməsi bir ay müddətinə dayandırılıb. Qurumun bu qərarı yalnız dövlət kredit təşkilatlarını yox, özəl bankları da əhatə edir. Özəl şirkətlərin işinə müdaxilə edilməsinin hüquqi cəhətdən nə dərəcədə düzgün olub-olmadığı ilə maraqlandıq.
“Mövcud qanunvericiliyə görə, Azərbaycanda bütün alqı-satqı əməliyyatları milli valyuta ilə aparılır”, – deyə hüquqşünas Xalid Bağırov bildirib. Onun sözlərinə görə, burda müdaxilədən söz gedə bilməz: “Azərbaycanın öz valyutasını möhkəmləndirməyə hüququ var”.
“Amma bir çox özəl banklar krediti xarici valyuta ilə verirdilər”, – deyə əməkdaşımız xatırlatdı.
“Əslində banklar krediti manatla verirdilər, sadəcə müqavilələrdə kreditin həcmi ovaxtkı kursa uyğun dollarla göstərilirdi. Demək olar ki, banklar qanuna “kələk” gəlirdilər”, – deyə vəkil vurğulayıb. O qeyd edib ki, dövlət xarici valyutaların konvertləşməsi barədə azad qərar qəbul etmək ixtiyarındadır.
“Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas funksiyası maliyyə bazarının nizamlanmasıdır. Bir aylıq qərar valyuta bazarını nizamlamağa hesablanıb. Bu struktur qərar qəbul etmək ixtiyarındadır”, – deyə iqtisadçı Azər Mehdiyev bildirib. İqtisadçının fikrincə, özəl banklar ona görə xarici valyuta ilə kredit verirlər ki, manatla kredit vermək risklidir.
“Xarici valyuta ilə kredit götürənlər qaytarmaqda çətinlik çəkirlər. Bu gün bütün bank sistemi problemlə üzləşib. Maliyyə Bazarlarına Nəzarət Palatasının bu qərarı müvəqqəti tədbirdir”, – deyə Azər Mehdiyev əlavə edib. Mehdiyevin sözlərinə görə, xarici valyuta ilə kredit verilməsi qanunla qadağan deyil. “Bu, bankın seçimidir”, -deyə ekspert vurğuladı.