2 nömrəli Klinik Psixiatriyada özbaşınalıq və acınacaqlı vəziyyət... - Əlillər və vətəndaşlar niyə incidilir?
31-05-2022, 15:49

Son vaxtlar əlilliklə bağlı komissiyadan keçməli olan vətəndaşlardan şikayətlər çoxalıb. Onlar deyirlər ki, əvvələr komissiya həm Montin qəsəbəsində yerləşən Psixi Sağlamlıq Mərkəzində, həm də 2 saylı Psixiatrik Klinik Xəstəxanasında fəaliyyət göstərirdi. İndi isə Psixi Sağlamlıq Mərkəzində komissiyanı ləğv ediblər və bu problemə görə müraciət edənlərin hamısına 2 saylı Psixiatrik Klinik Xəstəxanaya göndərirlər.
Şikayətçilər bildirirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanada adi bir növbə almaq üçün 3 saat növbəyə durmaq lazım gəlir. Oraya müraciət edən insanların hansı vəziyyətdə olması onsuz da hamıya məlumdur. Belə insanların adi bir qəbul növbəsi almaq üçün 3 saat gözləməsinə niyə göz yumulur və bu şəraiti kimlər, niyə yaradır? Növbə gözləyəndə də uşaq ağlaması böyüklərin səsinə, böyüklərin səsi də qazilərin söyüşünə qarışır. Qazilərimiz bu vətən uğrunda sağlamlıqlarını ona görə itiriblər ki, gedib hansısa bir qapıda sadəcə növbə almaq üçün saatlarla gözləsinlər? Səhiyyə Nazirliyi yaranan bu vəziyyəti bilmirmi və bilirsə niyə sağlamlıqları onsuz da itirilmiş olan vətəndaşlaır üçün normal şərait yaradılmır?
Təbii ki, Səhiyyə Nazirliyi komissiyanın birini ləğv edəndə bunun insan sıxlığına səbəb olacağını çox yaxşı bilirdi. Amma sadəcə olaraq bilirdilər və yaranacaq narazılıqlara göz yumacaqlarını da bilirdilər. Bir növbəyə görə saatlarla gözlədilən qazilərə qarşı bu münasibət haradan yaranır və hansı məntiqə sığır?
Şikayətçilər onu da qeyd edirlər ki, 2 saylı Psixiatrik Klinik Xəstəxanasında baş həkimin yanında olublar. Baş həkim də bildirib ki, Səhiyyə nazirinin əmri belədir. Vətəndaşların artıq otaq və işçi ayrılsın təklifinə də baş həkim nə otağımız, nə də işçimiz var, deyə cavab verib. Budur ölkədə vətəndaşa, sağlamlıq problemi olan insanlara və ən əsası qazilərə qoyulan hörmət və göstərilən xidmət...