Təhsil krediti almaq istəyən 400 tələbə rədd cavabına etiraz edir...

8-06-2022, 11:45           
Təhsil krediti almaq istəyən 400 tələbə rədd cavabına etiraz edir...
Kamran Əsədov: “Kəsirlərin olması kreditin verilməsinə mane olan səbəbdir”

Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb. Təhsil Tələbə Kredit Fondunun yaydığı məlumatda qeyd olunur ki, 4 919 tələbə kredit üçün müraciət edib. Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib. Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

Qeyd edək ki, Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.

Məlumat üçün bildirək ki, təhsil tələbə krediti həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə aiddir. Kredit tələbənin özünə yox, təhsil aldığı ali təhsil müəssisəsinə köçürülür. Təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmır və kreditin qaytarılması tələb olunmur. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Ancaq hər kəs təhsil tələbə kreditindən yararlana bilmir. Maraqlıdır, qeyd olunan kredit növü hansı şərtlər əsasında verilir ki, kredit üçün müraciət edənlərə imtina cavabı verilir?

“Təhsil Tələbə Kredit Fondunun verdiyi kreditlər təhsilin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək”

Təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, ölkəmizdə kifayət qədər böyük sayda tələbə indiyə qədər Təhsil Tələbə Kredit Fondundan yararlanıb. Bu kreditdən həqiqətən də bu tip kreditə ehtiyacı olanlar yararlanır: “Təbii, hər kəs istəyir ki, bu kreditdən yararlansın. Çünki kifayət qədər şərtləri yüngüldür, yumşaqdır, əslində əlçatandır. Hesab edirəm ki, Təhsil Tələbə Kredit Fondunun verdiyi kreditlər təhsilin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Çünki burada çox böyük güzəştlərlə verilməklə yanaşı, eyni zamanda təhsil aldıqları müddətdə tələbələrin akademik borcları yüksək olarsa, bu zaman kreditin böyük həcmi onlara bağışlanır”.

Təhsil eksperti təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunmasına gəlincə qeyd etdi ki, müəyyən insanlar yalnış məlumatlar daxil etdiyindən bu hallar yaşanır: “Eyni zamanda, onların akademik göstəriciləri 71-dən yuxarı olmalıdır. Yaxud da kəsirlərin olması kreditin verilməsinə mane olan səbəbdir. Məhz bu amillər olmadığı təqdirdə, təbii ki, onlara kreditlərin verilməsindən imtina olunur. Yaxud da özü haqqında məlumatların yanlış daxil edilməsi kreditin verilməsindən imtinaya səbəb olur”.

Günel CƏLİLOVA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.