Müharibə veteranı və 2-ci qrup əlil tikinti şirkətindən Prezidentə şikayət etdi…

10-06-2022, 00:07           
Müharibə veteranı və 2-ci qrup əlil tikinti şirkətindən Prezidentə şikayət etdi…
Redaksiyamıza “Baku-Rifah” MMC-dən Prezidentə, Birinci Vitse-Prezidentə və dövlət qurumlarına ünvanlanan şikayət məktubu daxil olub. Şikayətdə sözügedən şirkət tərəfindən aparılan söküntü işləri zamanı iki ailənin hüquqlarının gobud şəkildə pozulduğu bildirilir. KİV vasitəsiylə edilən müraciətdə biri müharibə veteranı, biri əlil, biri ahıl olmaqla iki ailənin üzvləri düşdükləri acınacaqlı vəziyyət barədə açıqlama verərək, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edirlər.

Şikayət məktubunu olduğu kimi dərc edərək qeyd edirik ki, şikayət olunan tərəf də saytımız vasitəsiylə mövqeyini bildirə bilər.

“Möhtərəm Prezident!
Hörmətli, Mehriban xanım!

“Baku-Rifah” MMC tərəfindən Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin söküntüsü həyata keçirilir. Həmin Şirkət sökülən evlərin yerində tikiləcək binalarda bizi yaşayış sahəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür.
Biz- Rəhilə Əliyeva və onun qızı Aytən Əliyeva Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi EV 34A ünvanında qeydiyyatda olmaqla yaşamışıq, bir ünvanda 2 bir-birindən təcrid olunmuş ev mövcud olmuş, evin birində Rəhilə Əliyeva, oğlu Vüsal Əliyev və onun ailəsi yaşamışdır. Digər evdə isə Aytən Əliyeva öz ailəsi ilə birlikdə yaşamışdır. Həmin evlər “Baku-Rifah” MMC tərəfindən sökülmüşdür. “Baku-Rifah” MMC tərəfindən bizə bildirilmişdir ki, hər bir ailəyə sökülən evlərin yerində yeni bina tikilib mənzillər təhvil verilənə kimi aylıq kirayə haqqı kimi 400 manat pul veriləcəkdir. Biz də buna inanıb, notarial qaydada evin sökülməsinə etiraz etməməyimizlə bağlı ərizə verdik. Lakin daha sonra “Baku-Rifah” MMC tərəfindən aldadıldığımızı bilib, dərhal notariat kontoruna gedərək, evin sökülməsinə etiraz etməməyimizlə bağlı verdiyimiz ərizələri ləğv etdik. Belə ki, bizə məlum oldu ki, “Baku-Rifah” MMC qardaşım, eyni zamanda Rəhilə Əliyevanın oğlu Əliyev Vüsal Taleh oğlu ilə əlbir olaraq, bizi faktiki olaraq evsiz-eşiksiz qoymuşdur. Yaşlı anam 74 yaşından sonra qohumların evində sığıntı kimi yaşamağa məcbur olmuşdur. “Baku-Rifah” MMC bizi aldadıb, yalnız Vüsal Əliyevlə sökülən evlərin yerində mənzilin və mənzil təhvil verilənə kimi 400 manat kirayə pulunun verilməsi ilə bağlı 2 ayrı müqavilə bağlamışdır. Sökülən ünvanda Aytən Əliyevanın ailəsi ilə birlikdə yaşadığı 2 ayrı ev olmasına baxmayaraq, Baku Rifah MMC yalnız Vüsal Əliyevə biri 90 kv.m olmaqla 2 ayrı mənzilin verilməsinə dair müqavilə bağlayıb. Halbuki, həmin evə dair bütün hüquqmüəyyənedici sənədlər Rəhilə Əliyevanın adına olmuşdur. Bugün Vüsal Əliyevlə “Baku-Rifah” MMC-nin hərəkətləri nəticəsində 74 yaşlı Rəhilə Əliyeva oğlu Vüsal Əliyev tərəfindən çölə atılmış, qohum-əqrəba qapısında yaşamağa məcbur edilmişdir. Aytən Əliyeva isə 2-ci qrup əlildir, həyat yoldaşı Füzuli rayonundan məcburi köçkün olmaqla müharibə veteranıdır və onlar 4 nəfərdən ibarət ailəsi ilə qəza vəziyyətində olan yataqxananın 1 otağında yaşamağa məcbur olmuşdur. Nəyə görə sökülən 2 evin yerində tikiləcək binada Vüsal Əliyevə 2 ayrı mənzil verilir, 74 yaşlı Ana və 4 nəfərdən ibarət əlil Aytən Əliyevə 1 otaqlı qəza vəziyyətində olan yataqxanada yaşamalıdı? Axı Vüsal Əliyevin ailənin digər üzvlərindən və ya evi sökülmüş Aytən Əliyavadan üstünlüyü nədir? Nəyə görə “Baku-Rifah MMC yalnız Vüsal Əliyevə 2 ayrı mənzil verir? Nəyə görə Baku Rifah MMC sökülən 2 ayrı evin əvəzində müqavilələrdən birini Aytən Əliyeva və ya Rahilə Əliyeva ilə bağlamır? Nəyə görə “Baku-Rifah” MMC kimi şirkətlər ölkədə aparılan islahatlara kölgə salırlar? Xahiş edirəm, bütün bu hallar araşdırılsın, 74 yaşlı ağbirçək ananın göz yaşları daha axıdılmasın, bu ədalətsizliyə son qoyulsun.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.