"O şəhidin meyitini, o yaralı qazini döyüş meydanından çıxaran həmin veteranlar olmayıbmı?"
12-06-2022, 08:56
Mən burdan cənab Ali Baş Komandan İlham Əliyevə müraciət edirəm!
Cənab Ali Baş komandan, verdiyiniz bu sərəncam alqışa layıqdir. Ancaq yenə Qarabağ veteranları diqqətdən kənarda qaldı. 80 manata möhtac qalıblar. Nədən bu adamların qiymətini vermirsiniz!? O şəhidin meyitini, o yaralı qazini döyüş meydanından çıxaran həmin veteranlar olmayıbmı? Deməli, biz ya şəhid olmalı, ya da əlil olmalı idik ki, qiymətimizi bilsinlər!? Elə özümdən deyəcəyəm ki, bunu yoxlamaq imkanınız var. 1991 - 1993 - ün avqustun sonuna qədər Cəbrayıl bölgəsində şəhid olub meyitləri ermənilərdə qalan yüzlərlə şəhid meyitini mənim iştirakımla Cəbrayıl alayının və Cəbrayıl polisinin qəhrəman oğulları həyatlarını təhlükə qarşısında qoyaraq azad edib doğmalarına qaytardılar. Hələ bura əsir və girovların azad edilməsini demirəm. Deməli, həmin əməliyyatlar zamanı biz şəhid və əlil olmalı idik ki, indi qiymətimizi bilsinlər!? Allah bizə şəhidliyi qismət etmədi! Günahımız bumu? İnanın ki, minlərlə veteran bu gün həmin 80 manatı ancaq dava - dərmana xərcləyir! Odur ki, bir ağsaqqal Qarabağ qazisi kimi Sizdən xahiş edirəm, Qarabağ veteranlarının aylıq təqaüdünün artırılması üçün sərəncam verəsiniz! Vaqif Əlisoy, Qarabağ Qazisi