Kəlbəcər də azad olundu... - Bəs Tərtər niyə belə çirkaba batıb?..-SOS!!!

14-06-2022, 12:48           
Kəlbəcər də azad olundu...  -
“...Mənim qəlbimi daha çox dağlayan, ürəyimdən qara qanlar axıdaraq sularımı çirkaba batıran adımla bağlanan bir qətliamdır...”

"Bu vəhşətin müqabilində əksəriyyətin, xüsusən də yüksək mövqe sahiblərinin susqunluğu qarşısında quruyaraq mat qalmışam..."

-FİKİR SAVAŞI...-

O gün Tərtər çayını gördüm - qan ağlayırdı... Onu ağladan yalnız yayın gəlişi ilə suyunun daha da quruması deyildi... Yazıq çayımız həm də çirkab içində idi... Bu çirkabı yaradan nə dağlardakı əriyən qarların, nə də son yaz yağışlarının selləri idi... Bu, insanların(!) yaratdığı çirkab idi, zir-zibil idi... Ağıllı-başlı, burunlu-gözlü hesab olunan insanların!..

Öz-özümə sual etdim; şükür Allaha, şəhid və qazilərimizin canı-qanı sayəsində Tərtər çayının mənbəyini götürdüyü Kəlbəcər də azad olundu – əcəba, bəs bu çayımız niyə belə çirkab axıdır?..

Dedim, Tərtər çayı axıb gəldiyi torpaqlarımızda baş verənləri bizdən daha yaxşı bilir. Həm onun yaddaşı biz insanlarınkından daha yaxşıdır, dəqiqdir, həm də o, biz adamlar kimi qorxaq və çoxüzlü deyil ki, millətə, xalqa, insanlığa qarşı ən iyrənc əməllər törədən hansısa cinayətkar var-dövlət, vəzifə sahibinin qorxusundan və ya onunla pul-para, maddiyyat “dostluğu” ucbatından, yaxud, sadəcə, yaltaqlıq səbəbindən göz qabağında olan gerçəklərə göz yumub sussun... Odur ki, qoy Tərtər çayı “niyə belə çirkaba batıb” sualına özü cavab versin...

Tərtər dilə gəlib deyir ki, əvvəla, sizin və bir çoxlarının bilərəkdən ya bilməyərəkdən dediyi kimi, mənim mənbəyimi götürdüyüm və ərazisindən keçdiyim Kəlbəcər rayonu, eləcə də Tərtər rayonu Rusiya-Ermənistan işğalından tam azad olunmayıb. “Hələ neçə-neçə kəndimizdə, eləcə də bütövlükdə bir hissəsi Kəlbəcər, digər hissəsi isəTərtər rayonu ərazisində qalan Sərsəng su anbarında Rusiya hərbçiləri və separatçı-terrorçu ermənilər meydan sulayır... Hələ də o torpaqlardakı əlvan metal, qızıl-gümüş, mis mədənlərindəki tullantılar mənim qoynuma axıdılır... Üstəlik, nə Kəlbəcər ərazisindəki, nə də mənim keçdiyim digər rayonlarda dincələn, yeyib-içən, sadəcə, maşınla sahilimdən, üstümdəki körpülərdən keçən azərbaycanlılar da əllərinə keçən butulka, kağız, siqaret kötüyü və digər zir-zibilləri mənim hövzəmə vıyıldadırlar... Sahilimdəki bütün restoran, kafelər, qəssabxanalar, dükanlar və s. hər cür çirkabı sinəmə axıdaraq bağrımı yandırıb-yaxırlar... Onların ucbatından siçanlar, siçovullar, tarakanlar, milçəklər, mığmığalar bətnimdə yuva qurub...

Bütün bunlar həm adamların öz məsuliyyətsizliyi və laqeydliyindən, daha çox isə həddini aşan məmur özbaşınılığı, qanunsuzluq, korrupsiya və rüşvətxorluqdan irəli gəlir... Sahilimdəki obyektləri hesabına milyonlar qazanan məmurların, demək olar ki, heç biri mənim qayğıma qalmır və qalmaq istəmir... Digər insanların əksəriyyəti və yuxarıdakılar isə laqeydcəsinə susurlar...

Amma mənim qəlbimi daha çox dağlayan, ürəyimdən qara qanlar axıdaraq sularımı çirkaba batıran adımla bağlanan bir qətliamdır... Xarici düşmənlərin daxili xəyanətkarlarla birgə mənim də vətənim olan Azərbaycan ordusuna qarşı törətdiyi bu dəhşətli olayın sifarişçi, təşkilatçı və əsas icraçıları hələ də əlini-qolunu sallayaraq gəzir. Onlardan bəziləri tez-tez Kürün, hərdən də mənim sahillərimdəki yaraşıqlı restoran və otellərdə görüşərək yeyib-içib bu xalqa, ölkəyə, bu orduya qarşı yeni planlarını müzakirə edərkən təbii ehtiyaclarını qoynuma axıdaraq sanki bütün Azərbaycan xalqıyla bərabər mənə də acıq verirlər... Azərbaycan dövləti və xalqı onlara toy tutmaq əvəzinə, həmin biqeyrət və bişərəflər bizlərə toy tutmaqda davam edir, onların cinayətlərini açmağa çalışan qeyrətli və şərəfli ataları övladlarının toyundan bir gün öncə həbs etdirərək haqlı etirazları susdurmağa çalışırlar...”

Sonda Tərtər belə deyir:

“Bu gün yay gəldiyi üçün, ermənilər də Sərsəngdən suyumu damcı-damcı buraxdığı üçün mən quruyuram, daşıb içimdəki və ətrafımdakı çirkabları, zir-zibilləri yuyub təmizləməyə gücüm çatmır... Azərbaycan ordusunun amansız və misli görünməmiş işgəncələr altında inləyən oğullarının ah-naləsi məcramı, sahillərimi cadar-cadar edərək parçalayıb... Və bu vəhşətin müqabilində əksəriyyətin, xüsusən də yüksək mövqe sahiblərinin susqunluğu qarşısında quruyaraq mat qalmışam... Amma bütün Azərbaycanla, Həkəri ilə, Xaçınla, Qarqarla, Kürlə Arazla bərabər mənim də bətnimi murdarlayanlar, qəlbimizi param-parça edib ürəyimizdən qanlar axıdanlar bilsinlər ki, bütün dağlardan, təpələrdən, düzənlərdən axan etiraz sellərinin toplaşmaqla onları Xəzərin duzlu sularında boğub, Abşeronun neft-qaz alovlarında yandırıb külə döndərib sovuracağı gün gələcək, inşallah...
moderator.az
Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.