“Bütün günü pul yığırlar” - “Bu ortamda təhsildən söhbət gedə bilməz”

14-06-2022, 17:42           
“Bütün günü pul yığırlar” -
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Qəza nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib. Avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilib.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşən Əməkdar artist Nuriyyə Hüseynova bu cür hadisələrdə valideynlərin rolunun böyük olduğunu bildirib:

“Məktəblilərin yol qəzasından dolayı çox üzüldüm. Bu gün insanların baxmayaraq ki, həyat, yaşam tərzi çox çətindir, amma heç kim əyləncəsindən qalmaq istəmir. Valideyinlərin bu işlərdə çox böyük rolu və günahı var. Bütün günü “Whatsapp” qrupunda ya pul yığıb lazımsız əyləncələr etməklə məşğuldurlar, ya da macəra axtarışındadırlar. Bəzən də valideyn komitəsinin rəhbəri kimi seçilən bir valideyn özü hansı ağıldadırsa, bütün sinfi də öz arxasınca aparmağa nail olur”.

Sənətçi qeyd edib ki, bu gün məktəblərdə lazımsız əyləncələr üçün valideynlərdən pullar toplanır:

“Baxın, mənim əzizlərim, istirahət, əylənmək hər kəsin haqqıdır, amma bizdə artıq bu ifrat dərəcəyə gəlib çatıb. Orta məktəblərdə bütün siniflərdə bu hallar dəhşətli dərəcədə tüğyan edir. Kimsə bu əyləncələrdən, lazımsız, mənasız pul yığmalarından uzaq olanda deyirlər ki, “filankəsin anası xəsisdir”. Ana da geri qalmasın deyə, söz olar düşüncəsi ilə istəməsə belə o gerizəkalı təkliflərə qatılır. Sonda da belə xoşagəlməz hallar baş verir. Bir çoxunuz deyəcəksiniz ki, qəzadır, qismətdir. Təbii, qismətdən qaçılmaz. Amma bu gün üçün bizim məktəblərimizdə vəziyyət belədir. Uşağın uşaq həyatı var, məktəbli dərsin oxuyub, tətil vaxtında öz valideyinin himayəsində dincəlməlidir. Bütün günü ancaq pul yığıb, əylənməklə məşğul olan bir ortamda, elmdən, təhsildən söhbət gedə bilməz. Bunu da edənlər valideynlər özləridir. Buna bir “stop!” deyək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.