Azərbaycan taxılı daha baha alacaq - NƏ ETMƏLİ?

14-06-2022, 18:01           
Azərbaycan taxılı daha baha alacaq - NƏ ETMƏLİ?
“Taxıl ixracı və qlobal ərzaq böhranının qarşısını almaq üçün Kiyev Polşa və Rumıniyadan keçən iki marşrut hazırlayıb”.

Bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik deyib. O qeyd edib ki, “Qlobal ərzaq təhlükəsizliyi təhdid altındadır, çünki Rusiya-Ukraynaya müharibəsi Qara dənizdən taxıl ixracını dayandırıb, geniş qıtlığa və qiymətlərin artmasına gətirib çıxarıb”.

Onun sözlərinə görə, Ukrayna ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması üçün Baltikyanı ölkələrlə danışıqlar aparır:

“Bu marşrutlar mükəmməl deyil, lakin biz onları inkişaf etdirmək üçün əlimizdən gələni edirik. Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var".

Qeyd edək ki, son məlumatlara əsasən, Dunay çayındakı Sulina kanalı yaxınlığında və Reyn limanı ərazisində Ukrayna taxılı yüklənmiş 130-dan çox gəmi var. Taxılın iki min yük maşını ilə daşındığı bildirilir. Sonra taxıl iki yoldan birinə daşınır. Birinci istiqamət, Sulina kanalı vasitəsilə Bolqarıstanın Qara dənizdəki limanlarına mümkün çıxışı olan Aralıq dənizi ölkələridir. İkinci marşrut, yedək gəmisi və maşın karvanları ilə Rumıniyanın Konstansa limanıdır.

Taxıl buradan 70 min tona qədər yük tutan gəmilərlə Panamaksa daşınır, daha sonra Çin, İndoneziya, Afrikaya gedir. Bu, sırf dünya ticarətidir. Taxılın çatdırılması üçün yeni yollar axtaran ixracatçıların diqqəti Dunayın nəqliyyat arteriyalarına yönəlib. Nəticədə, qiymətli taxıl bu gün nəhəng tıxaclardadır və gəmi daşımalarının qiymətləri 5-8 dəfə qalxıb. Əgər yükün hər tonu üçün əvvəllər 20-25 dollar tələb olunurdusa, indi ödəniş qiyməti 150-200 dollara qalxıb. Dunay Gəmiçiliyinin keçmiş rəis müavini Viktor Şelestin açıqlamasına görə, Ukrayna gəmiləri kanaldan keçmək üçün 10-12 gün gözləməli olur.

Ukayna taxılının Avropaya ixracı şəraitində Azərbaycanın oradan taxıl idxalı və yaxud neft-qaz barteri müqabilində mümkündürmü? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət”ə bildirdi ki, Ukraynanın indi təklif etdiyi Avropaya yönələn yol əvvəllər var idi:

“İndi sadəcə olaraq o yolları intensivləşdirmək istəyirlər. İxracatın istiqaməti dəyişmir. Əvvəl də Avropaya, oradan da başqa ölkələrə ixrac olunurdu. Biz indiyədək Ukraynadan ciddi şəkildə buğda idxal etməmişik. Gələcək üçün planlaşdırırıqsa, bunun marşrutu, logitikası müəyyənləşməlidir. Əvvəl bizə az miqdarda da olsa, Qara dəniz vasitəsilə ixrac olunurdu. İndi həmin yol artıq böyük miqdarda həcmlər üçün də bağlıdır. Ona görə də Avropaya ixrac olunan buğdanın Azərbaycana gətirilməsi mümkündür. Lakin bu, bir qədər baha başa gəlir”.

Neft və qazla mübadiləyə gəldikdə isə ekspert deyir ki, Ukraynada taxılı hökumət əkmir:

“Azərbaycandakı kimi orada iqtisadiyyatın bütün seqmentlərini hökumət öz əlinə almayıb. Ukraynada taxıl istehsal edənlər fermerlərdir və onlar da qazı müəyyən şirkətlərdən alır. Barter etmək pilləli ola bilər. Ukraynaya qaz idxal edən şirkətlər fermerlərlə əlaqə qurmalıdır. Onlar qazın satışı müqablində fermerə pul verməlidir. Bunun müqabilində Ukraynadan hər hansı fermer, yaxud kənd təsərrüfatı təşkilatından bizim idxalçılar buğdanı gətirməlidir. Bu, mürəkkəb bir prosesdir. Ancaq hesab edirəm ki, ən yaxşı yol pul verib taxıl almaqdır. İndi dünyada barter üsulu heç populyar da deyil, həm mürəkkəb prosesdir. Ona görə də hesab etmirəm ki, qazın müqabilində taxıl idxal edək”.

Ekspertin fikrincə, ümumiyyətlə, nə qədər uzaq ölkədən idxal etsək, məsələn, Kanadadan idxala başlasaq, baha başa gəlir:

“Avropada buğda kifayət qədər bahadır. Ona görə də bizim üçün ən səmərəli idxal Qazaxıstan, Rusiya və Ukraynadır. Ancaq indi Ukraynanın vəziyyəti aydındır və oradan gələn buğda uzun bir yol gəlməlidir ki, bu da xərci artıra bilər. Ən yaxşı variant Rusiya və Qazaxıstandır. Azərbaycanda idxalın keyfiyyətsiz olsa da 90 faizi Rusiyanın payına düşür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.