Leş ət mafiyasına “kolbasa kralları” himayədarlıq edir

5-05-2016, 09:49           
Leş ət mafiyasına “kolbasa kralları” himayədarlıq edir
Eyyub Hüseynov: “Şeyx murdar ət satanları zərərsizləşdirə bilər - əgər...”
Azərbaycanda murdar, ölmüş, qida üçün yararsız heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür. Bu gün ölkə bazarlarında, super və hiper marketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Ötən 4 ay ərzində dövriyyədən 70 tona yaxın murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədə tonlarla xəstə heyvanın əti var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaq müşkül məsələyə çevrilib.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının səyləri də yetərli görünmür. Mayın 3-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Namiq Ağayev 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Xaçmaz və ətraf rayonlardan əldə etdiyi xəstə və ölü heyvanların ətinin Bakı şəhərində satışını təşkil etmək istəyib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan ət istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Mil-Muğan zonasından sonra Xaçmaz rayonu murdar ət satılan rayonlar arasında ilk yerlərdədir: “Xaçmaz, Quba turistlərin, təsadüfi yol keçənlərin dayandığı bir zonadır. Nabran bölgəsində çoxsaylı restoranlar var. Düşünürəm ki, buna görə həmin rayonda tez-tez murdar ət satanların saxlanılması haqda məlumatlar eşidirik.

Saatlı, Sabirabadda belə hallar çoxdur. Yaxşı haldır ki, Daxili İşlər Nazirliyi bu sahədə fəal iş aparır. Digər dövlət qurumları isə böyük passivlik nümayiş etdirirlər".

“Çünki maraqlar konflikti var”

E.Hüseynov deyir ki, ölkədə istehlakçıların hüquqlarını qoruyan müstəqil dövlət qurumu olmayınca, belə hallar davam edəcək: “Qəzetinizə müsahibəsində İqtisadiyyat Nazirliyinin rəsmisi deyir ki, 1 ay ərzində 400 adda məhsulu yoxlayıblar və nöqsan aşkar etməyiblər. Əlbəttə ki, İqtisadiyyat Nazirliyinin yoxlayıcıları piştaxtaya çıxan mallarda nöqsan aşkar edə bilməzlər. Çünki İqtisadiyyat Nazirliyinin strateji məqsədi iqtisadiyyatı dirçəltmək, biznes qurumlarını nə yolla olur-olsun himayə etməkdir. Nazirliyin tərkibində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa bir biznes qurumunda, qurumun istehsal etdiyi məhsulda nöqsan tapsa belə, buna adekvat tədbir görə bilməz. Son zamanlar həmin xidmətə göndərdiyimiz bütün sorğulara ”gedin, məhkəməyə müraciət edin" deyirlər. O boyda dövlət qurumunda sorğularımızı cavablandıra bilmirlər. Çünki maraqlar konflikti var. Mütləq şəkildə istehlakçı hüquqlarını qoruyan müstəqil dövlət qurumu olmalıdır. Əgər bunu etmək istəmirlərsə, istehlakçı hüquqlarının qorunması Yeni Zelandiyadakı kimi qeyri-hökumət təşkilatlarının öhdəliyinə verilməlidir. Orada QHT-lərin icazəsi olmadan 1 mal belə bazara girə bilməz".

“Bu sahədə ictimai nəzarət olmalıdır”

E.Hüseynov deyir ki, istehlakçı hüquqlarını qoruyan müstəqil qurumun yaradılması təklifi ilə Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müraciət edib: “Təəssüf ki, dövlət qurumları özlərinin yoxlama funksiyalarından əl çəkmək istəmirlər. Baxmayaraq ki, dünyanın hər yerində bu proses gedir. Dövlət orqanları bərk-bərk laboratoriyalardan tutublar, özlərinin yoxlama funksiyalarını əllərində saxlayıb sovetdən qalma iş prinsiplərini qorumaq üçün cidd-cəhdlə iş aparırlar. Qəzet vasitəsilə bir daha müraciət edirəm, cənab prezidentin dediyi kimi, bu sahədə ictimai nəzarət olmalıdır”.

“Sahibkarın kolbasaya at, eşşək əti vurması yoxlayıcını sadəcə maraqlandırmır”

E.Hüseynov dövlət qurumlarının yoxlamalarının nəticəsinin olmamasının səbəbini də açıqlayıb: “İllər boyu yoxlama ilə məşğul olan qurumaların müəyyən etdiyi qanunsuzluqlar, qida təhlükəsizliyini təhdid edən faktlar QHT-lərin 1 ayda müəyyən etdiyi faktlarla müqayisəolunmaz dərəcədə azdır! Cənab prezident yoxlamaları niyə məhdudlaşdırdı? Çünki ortada rüşvət amili var. Sahibkarın kolbasaya at-eşşək əti vurması yoxlayıcını sadəcə maraqlandırmır. Belə yoxlamalar biznesmenlərin kabinetindən istehsal sahəsinə qədər gedib çıxmır. Rüşvət, korrupsiya amili var. Vaxtilə Ticarət Nazirliyində işləmiş şəxslər indi də dövlətin ayrı-ayrı qurumlarında yenə də sovetdən qalma yuxuları ilə ”Qostorq"un, Ticarət Nazirliyinin əmələ gəlməsi xəyalları ilə yaşayırlar. Belə şəxslərin istehlakçıların hüquqlarını qoruyacağını düşünmək sadəcə sadəlövhlükdür".

“Sonradan isə həmin sertifikatla murdar, ölmüş heyvanın əti...”

Birlik sədri ölkəyə xaricdən gətirilən ətlərlə bağlı bunları deyib: “Hindistandan, Braziliyadan ölkəyə ətlər gətirilir. Ölkədə sertifikatlaşdırma işi mükəmməl deyil. Sertifikat 1 illik verilir. Bir çox ölkələrdə isə sertifikat konkret malın partiyasına verilir. Ola bilər ki, ölkəyə gətirilən ətin nümunəsi sertifikatlaşdırmaya təqdim olunsun və 1 illik sertifikat alınsın. Sonradan isə həmin sertifikatla murdar, ölmüş heyvanın əti satılsın. Ölkəmizdə qida təhlükəsizliyi haqda qanun yoxdur. Qanun olmayan yerdə isə cinayətin baş verməsi labüddür”.

“800 mal sertifikatsız satılır - ”KİA" “Shevrolet” avtomobilləri insanları təhlükəyə düçar edə bilən..."

E.Hüseynov sertifikatlaşdırma, istehlakçıların hüquqlarını qoruyan xidmətlərin mütləq şəkildə müstəqil olmasının qida təhlükəsizliyi sahəsində vəziyyətin müsbətə doğru dəyişməsində böyük rol oynayacağını düşünür: “Əlimdə 800 mal və xidmətin sertifikatlaşdırılmadan satılması haqda siyahı var. Belə məhsullar sırasında qida, ət məhsulları, elektrik cihazları, hətta nəqliyyat vasitələri də var. Məsələn, ”KİA" “Shevrolet” avtomobilləri insanları təhlükəyə düçar edə bilən malları sırasındadır".

“Hacı Allahşükür Paşazadə cəmiyyətə...”

E.Hüseynov murdar ət, ölü heyvanların satışına biryolluq nöqtə qoyulması üçün çox maraqlı bir təkliflə çıxış etdi: “İlk növbədə əhali maarifləndirilməlidir. Ölkəmizin din xadimi Hacı Allahşükür Paşazadə cəmiyyətə belə halların qarşısının alınması üçün çağırış etməlidir. Din xadimi bu istiqamətdə müəyyən fikirlərlə əhaliyə müraciət etməlidir. Hacı Allahşükür Paşazadə çağırış etsə, ”Leşyığanlar mafiyası"nı dayandıra biləcək prosesin başlayacağına əminəm.

Belə hallara qarşı ictimai qınaq artmalı, ictimai nəzarət olmalıdır. Murdar ət satışı yerli bələdiyyələrin, polis orqanlarının gözü qarşısında baş verir".

Murdar ət satışına görə cərimələrin miqdarı 10 dəfə qaldırılsın!

E.Hüseynov murdar ət satışına görə cərimələrin miqdarının qaldırılmasının da vacib olduğunu deyir: “Bakıya 1-2 ton murdar ət gətirən şəxsi tutub maksimum həddə cərimə etsələr, o, 400 manat verib canını qurtaracaq. Və yenidən rayona qayıdıb Bakıya növbəti partiya murdar ət gətirəcək. Cərimələr 3-4 min manata qədər qaldırılmalıdır”.

Xatırladaq ki, murdar ətlər əsasən şadlıq evlərində, restoranlarda istifadə edilir. Həmçinin kolbasa və sosislərin istehsalında da mənşəyi bilinməyən ətlərdən geniş istifadə olunur. Azərbaycanda fəaliyyət göstərən əksər kolbasa şirkətləri ölmüş heyvanın ətindən məhsul hazırlayıb əhaliyə sırıyır. Ötən saylarda iki şirkətin bu istiqamətdəki fəaliyyətinə toxunmuşduq. Həmin şirkətlər “1000 bərəkət, halal nemət”, digəri “Delikates” kolbasa-sosis hazırlayan şirkət idi. Bu iki şirkət sonradan mətbuata açıqlamalarında fəaliyyətlərinin şəffaf, istifadə etdikləri ətin normal olduğu bildirmişdilər. Amma ortada olan gerçəklik, faktlar başqa məqamlardan xəbər verir. musavat.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.