Mənzil bazarını çökdürən qərar: - ”Evlənmək” daha da çətinləşdirildi

11-08-2022, 14:28           
Mənzil bazarını çökdürən qərar: -
İpoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib.

Qeyd edək ki, yeni qaydalar Azərbaycan Mərkəzi Bankının kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərində təsbit olunub. Dəyişikliklərə görə, adında mənzil olan və ipoteka almaq istəyən şəxslər üçün qaydalar sərtləşdirilir. Belə ki, evi olan şəxslər daha çox ilkin ödəniş etməli olacaqlar. Yeni qaydaya görə, mənzil sahibi olan vətəndaşlar ipoteka ilə almaq istədikləri evin dəyərinin ən azı 30 faizini ilkin ödəniş kimi ödəməlidirlər.

Qeyd edək ki, əvvəlki qaydalara görə, ipoteka krediti götürən şəxslər evin dəyərinin 10 faizini ödəyirdi. Adında mənzil olan şəxslərin sosial və güzəştli ipotekadan yararlanmaq imkanı məhduddur. Xatırladaq ki, evsiz şəxslər üçün sosial (8 faiz)və güzəştli (4 faiz) ipoteka krediti verilir.

Ümumiyyətlə, adında mənzil olan şəxslərə ipoteka verilməlidirmi? Yeni qaydalar ipoteka bazarına necə təsir edəcək? Teref.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya deyib ki, adında mənzil olan şəxslərin ipoteka krediti götürməsi mümkündür:

“Qanun bunu qadağan etmir. Sadəcə olaraq onlar sosial ipotekadan və güzəştli ipotekadan istifadə edə bilməzlər. Qanun bunu məhdudlaşdırır. Amma ümumilikdə, əgər normal ipoteka faizlərindən istifadə edirlərsə, adında mənzil olan şəxslərə belə bir qadağa yoxdur”.

Ekspert əlavə edib ki, yeni qaydalar mənzillərə çıxış imkanlarını çətinləşdirəcək:

“Adına mənzil olan şəxslərin öz övladlarına və ya yaxınlarına mənzil alması mümkündür. Azərbaycanda bu, geniş yayılmış praktikadır. İndi həmin şəxslərin ipoteka ilə mənzilə çıxış imkanları məhdudlaşacaq. Birdən birə 30 faiz ödəniş tələb olunması çətinliklər yaradacaq. Bu da ipoteka bazarında müəyyən qədər durğunluğa səbəb olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.