Anar Məmmədovun uğursuz “biznesmen oyunu” - ARAŞDIRMA
11-05-2016, 09:59
Bir zamanlar idmanın inkişafı üçün yaradıldığı deyilən Azərbaycan Qolf Federasiyası heç də gözləntiləri doğrultmur. 2012-ci ildən bünövrəsi Anar Məmmədov tərəfindən qoyulan AQF, deyəsən, qolf üzrə peşəkar idmançı, yarışlarda iştirak etmək üçün təmsilçi yetişdirmək niyyətində deyil.
Hurriyyet.org Azərbaycan Qolf Federasiyası ilə bağlı əldə etdiyi bəzi məlumatlara dayanaraq qısa araşdırma aparıb. Araşdırmamızda dünyaca məşhur olan, “biznesmenlərin oyunu” adlandırılan qolfun ölkəmizdə idmanın inkişafına heç də xidmət etmədiyi barədə məlumatlar verəcəyik.
Milli komandasız federasiya - nə ingilis, nə Azərbaycan...
İlk növbədə diqqətinizi qolf üzrə milli komanda barəsində məlumata yönləndirək. Bir idman federasiyası yığma komandasız necə fəaliyyət göstərə bilər? Bu müəmmalı suala cavab tapmağa çalışacağıq.
Aldığımız məlumata görə, federasiya heç beynəlxalq turnirlərə göndərəcək qolfçu tapa bilmir ki, yığma komanda da qursun.
Bu məlumatın dəqiqliyini yoxlamaq üçün isə federasiyanın saytında axtarış verdik. Saytın “Haqqımızda” bölməsində AQF Prezidenti Anar Məmmədovun avtobiqrafiaysı haqda məlumat ala bildik.Anar Məmmədovun uğursuz “biznesmen oyunu”
Daha sonra əsas məqsədləri ilə tanış olduq. Həmin bölmənin AQF Qolf Strategiyası hissəsində də normal məlumatlar əladə etmək olur. Bura qədər saytın normal işlədiyi düşünülə bilər.
Ancaq saytın həmin bölməsinin “Şura və Komitələr” hissəsindəki məlumatlar ingilis dilində verilib. “Oyun” bölməsinin “turnirlər” yazılan hissəsində isə dünyada keçirilən turnirlər barədə yazılıb. Burada heç Azərbaycan Qolf Federasiyasının iştirakı və iştirakçılarından danışılmayıb. Həmin bölümdəki “Obyektlər” haqda məlumat isə yenə inglis dilində və şəkillərlədir. Təbii ki, Azərbaycan dilində fəaliyyət göstərən saytda ingilis dilində məlumatlar az deyil.
“Qof Akademiyası” bölümünün “üzvlük” yazılan hissəsində də federasiya və milli komanda haqda heç nə tapa bilmədik. Burada sadəcə, akademiyada ödənişli əsaslarla dərs haqda məlumat verilib.
”Əsl “biznesmen oyunu”... - idman deyil
Görünür, idmanın inkişafı üçün yaradıldığı düşünlən qurum əslində Anar Məmmədovun stress atmaq, iş söhbətləri etmək üçün bir ünvandır. Xaricdəki kimi....
Belə ki, federasiya ilə bağlı aldığımız digər məlumat isə akademiyaya ancaq federasiya rəhbərinin dostları və onların yaxınlartı təşrif buyurur. Onlar da adi vətəndaşlardan xeyli imkanlı şəxslərdir...
Həmçinin akademiyaya, qolf üçün yaradılan obyektlərə əsasən məşhur şəxslərin (bura şou-biznes nümayəndələri də daxildir) ya özləri, ya da övladları üzv olur.
Düzgün təbliğ olunmadan federasiya qurdular...
Bilirik ki, qolf idmanı Azərbaycan üçün çox yad bir idman növdür. Buna görə də federasiya qurulmadan öncə Bakıda və bölgələrdə bu idmanla bağlı təbliğat aparmaq mütləq lazım idi. Məktəblərə, tədris ocaqlarına bir-iki dəfə gedib, qolf çubuğu ilə topa vurmağı göstərməkdənsə,
mütəmadi dərslər keçrilməli idi. Federasiya qurulduqda isə onlar arasından bacarıqlılar seçilib yığmaya cəlb olunmalı idi.
Düzdür, bir müddət - federasiya yeni-yeni yarandığı zaman məktəblərdə qolfu təbliğə başladılar. Lakin sonradan bu işin də “başını buraxdılar”.
Xatılatma...
AQF-nin prezidenti qurum yeni yarandığı zamanlarda belə bir açıqlama vermişdi: “AQF 2012-ci ilin əvvəlində yaradıldı və missiyası qolfu Azərbaycanda idman növü olaraq inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirməkdir.
Bildiyiniz kimi, qolf 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları proqramına namizədlər sırasına daxil edilib. Federasiya olaraq bizim əsas hədəflərimizdən biri 2016-cı ildə keçiriləcək növbəti Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək qolf oyunçularını yetişdirməkdir.
Ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldıran idmançılar sırasında tezliklə Qolf Federasiyasının da yetirmələri olacaq və vaxt gələcək biz qolf üzrə Olimpiya qızılını ölkəmizə gətirəcəyik”.
Ancaq təəssüf ki, federasiya prezidentinin dedikləri heç də indiki durumla uyğun gəlmir...