Dünyada ət ucuzlaşır, Azəbaycanda niyə bahalaşır?
18-10-2022, 00:03

Azərbaycanda ətin qiyməti yenidən bahalaşıb. Belə ki, mal ətinin 1 kiloqramı Bakıda bəzi satış məntəqələrində 12 manatdan 14-15 manata, rayonlarda isə 11 manatdan 13 manata qədər bahalaşıb. Bir müddət əvvəl də ətin qiyməti bahalaşmışdı. Ümumiyyətlə, ərin bahalaşması il ərzində 30 faiz olub. Dünyada isə, son 3 ayda ətin qiymətində uculazlaşmalar müşahidə edilir. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da deyir.
Dünyada ət ucuzlaşdığı təqdirdə niyə Azəbaycanda bahalaşır?
İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ətin bahalaşması ümumən, qida məhsullarının bahalaşmasının tərkib hissəsidir və bu, gözlənilən idi. Sentyabrda daha çox bahalaşma ət və ət məhsullarında qeydə alınıb. Və bunun oktyabr ayında da nəzərə çarpdığı müşahidə edilməkdədir.
“Bu, heç də onunla əlaqədar deyil ki, ölkəmiz ət məhsulu ilə özünü təmin edə bilmir. Xeyr. Azərbaycanın bu gün özünü təmin edə bildiyi ərzaq məhsulları sırasında ət məhsulu ön yerdə dayanır. Düzdür, bununla yanaşı bu sahədə idxal da mövcuddur. Ucuz və keyfiyyəti nisbətə aşağı ətin ölkəyə idxal edilməsi təbii xarakter daşıyır. Bundan bir sıra ət məhsulları istehsalında istifadə olunur. Sözüm bunda deyil” - deyə eskpert bildirib. O, deyir ki, dünyada bütün növ ərzaq məhsulları bahalaşmışdır, o cümlədən ətin də qiyməti əvvəlki səviyyədə deyil. Odur ki, bizdə sözügedən məhsul növünün bahalaşması qaçılmaz sayılırdı. Lakin burada bir önəmli faktor da mövcuddur ki, o da ət məhsullarının istehsalında idxal kompenentlərinin bahalaşmasından ibarətdir. Belə ki, istehsal və emal üçün tələb olunan bir sıra məhsullar, həmçinin xaricdən alınan yem və dava-dərman bahalaşmışdır. Bu da sözsüz ki, əldə olunan son məhsulun da qiymətlərinə təsir etməlidir. Və edir də. Görünən hələki odur ki, proses hələ davam edə bilər.
“Belə ki, heyvandarlıq üçün tələb olunan bir sıra məhsulların bahalaşmasının davam etməsi üzündən məsələ zəncirvari xarakter daşımaqla əldə edilən son məhsulun qiymətlərinin qalxacağı labüd sayılır” - deyə iqtisadçı vurğulayıb.