Biləsuvarda niyə qanuni kəsim məntəqəsi yoxdur?
24-10-2022, 10:04

Bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanuni kəsim məntəqələrinin olmadığı rayonların adlarını açıqlayıb. Onların arasında Biləsuvar rayonu da var.
"Report"un Muğan bürosu rayon ərazisində qanuni ət kəsimi məntəqəsinin olmamasının səbəbləri barədə araşdırma aparıb.
Məlum olub ki, təkcə Biləsuvar şəhəri ərazisində qanuni olmasa da, 20-yə yaxın heyvan kəsimi məntəqəsi (qəssabxana) mövcuddur. Eyni zamanda həmin məntəqələrdə ət satışı da həyata keçirilir.
Bununla yanaşı, burada ət kəsimi və satışı ilə məşğul olan şəxslər bildirib ki, ölkə ərazisində qanuni ət kəsimi məntəqələrinin mövcudluğu barədə məlumat və qaydalardan xəbərsizdirlər. Belə ki, əməkdaşımızın apardığı sorğuya əsasən, sahibkarlar əvvəllər bu kəsim məntəqələri haqqında məlumata sahib olmadığını bildiriblər. Amma buna baxmayaraq, bəzi qəssab və satıcılar yaxın günlərdə artıq qanuni kəsim məntəqələrinin yaradılması barədə işlərə başlayacaqlarını vurğulayıblar.
AQTA-dan isə bildirilib ki, müasir tipli heyvan kəsimi məntəqəsi olmayan rayonlarda sahibkarlar tərəfindən kəsim məntəqələrinin yaradılmasının təşviqi istiqamətində Agentliyin regional bölmələri ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin metodiki köməklik məqsədilə “Kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi” sahibkarlara təqdim olunur.
Qeyd olunub ki, sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları isə Agentliyin regional bölmələrinə müraciət edərək əldə edə bilərlər.
Xatırladaq ki, bir müddət əvvəl agentliyin yaydığı məlumata əsasən, ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb. Təkcə Bakıda müasir tələblərə uyğun 22 kəsim məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr Bakı şəhəri üzrə gündəlik kəsim tələbatını qarşılamaq imkanına malikdir. Həmin kəsim məntəqələrində gündə 1025 baş iribuynuzlu və 9470 baş xırdabuynuzlu heyvanın kəsimi həyata keçirilə bilər. Həmçinin Sumqayıt şəhəri üzrə də gündəlik tələbata uyğun yetərincə kəsim məntəqələri qurulub. Ancaq ölkə ərazisi üzrə hələ də 21 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.