Xaricdə 3, Azərbaycanda 4 illik təhsil, mürəkkəb prosedurlar... - Diplomların tanınmamasının səbəbləri nədir?

26-11-2022, 11:56           
Xaricdə 3, Azərbaycanda 4 illik təhsil, mürəkkəb prosedurlar... -
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçiləri İngiltərədən bakalavr məzunu kimi vətənə geri dönənlərin diplomunu tanımaqdan imtina edə və deyə bilər ki, Azərbaycanda bakalavr təhsil müddəti 4 il, İngiltərədə isə 3 il olduğu üçün diplomunuz yetərsizdir”.

TEREF.AZ xəbər verir ki, bunu xaricdə təhsil alıb gələn gənclərin diplomunun bəzən tanınmamasına münasibət bildirən London İqtisad Məktəbinin baş elmi işçisi, professor Qubad İbadoğlu Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hər il İngiltərədən gələn təxminən 8-10 məzunun diplomu “yetərsiz” hesab olunur:

“Dünyada ilk 1000 universitet arasında bir dənə də olsa, Azərbaycan Universiteti yoxdur. Xarici ölkələrdən, xüsusilə Avropa, Böyük Britaniya və Amerika ali məktəblərindən məzun olub vətənə qayıdanlar üçün Elm və Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi ciddi çətinliklər törədir. Belə ki, adı keçən qurum 250 manat dövlət rüsumu müqabilində təqdim olunan diplomun və qiymət kitabçasının apostol ilə təsdiqini, onun notarial qaydada tərcümə və təsdiqini, xarici pasportunu, şəxsiyyət vəsiqəsini və hərbi biletini də yoxladıqdan sonra xaricdən əldə edilmiş diplomu tanıyır. Bütün bunlar da xaricdə təhsil almış hər məzuna orta hesabla 1000 manata və xeyli müddətə başa gəlir. Amma belə müraciətlər heç də həmişə nəticəli olmur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçiləri İngiltərədən bakalavr məzunu kimi vətənə geri dönənlərin diplomunu tanımaqdan imtina edə və deyə bilər ki, Azərbaycanda bakalavr təhsil müddəti 4 il, İngiltərədə isə 3 il olduğu üçün diplomunuz yetərsizdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İngiltərədə fizioterapiya ixtisasından məzun olanların diplomları ümumiyyətlə tanınmır.

Təəssüflər olsun ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçiləri şəffaf və hesabatlı işləmir, eyni zamanda ölkəyə qayıdanın hərbi mükəllifiyyətli olmasına dair məsələlərə müdaxilə edir. Halbuki bu digər dövlət orqanlarının səlahiyyətində olan məsələdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomların tanıması üçün prosedurları sadələşdirməli, rüsumu aşağı salmalı, şəffaf və hesabatlı işləməlidir ki, xarici universitetlərdən məzun olanlar ölkəyə gələndə çətinliklə üzləşib yenidən geri dönməsinlər”.

Qeyd edək ki, hər il beynəlxalq səviyyəli universitetlərin reytinq cədvəlləri müəyyən olunur. Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri “QS” – Quacquarelli Symonds təşkilatıdır. “QS” reytinq cədvəli universitetin dünyada nüfuzu, məzunların işlə təmin olunması, beynəlxalq əlaqələr, müəllim – tələbə nisbəti, elmi nəşrlər, xarici tələbə və müəllimlərin faizi kimi meyarlara görə formalaşdırılır. Böyük Britaniyanın “Times Higher Education” jurnalı, Çinin Şanxay reytinq cədvəli də etibarlı mənbələrdən sayılır. Azərbaycan universitetlərinin tanınmış reytinqlərdə nəzərəçarpan yer tutmaması isə təəssüf doğurur. Bununla yanaşı, xaricdə təhsil alıb gələn gənclərin diplomu da bəzən tanınmır. Buna səbəb isə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yanaşmasıdır.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.