Komitə sədri 32 yaşlı müəllimənin 18 yaşlı oğlana ərə getməyini qınadı
25-05-2016, 14:27
Bakının Binəqədi rayonundakı 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliməsinin 18 yaşlı oğlanla evlənməsi xəbəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, bəzi saytlar isə bunu qeyri-adi hadisə kimi tirajlayıblar. Halbuki, 18 yaşlı qızın 40 və ya 50 yaşlı kişi ilə evlənməsi xəbəri yayayımlananda nə qeyri-adi hadisə hesab olunur, nə də cəmiyyətdə təəccübə səbəb olur.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da Modern.az-a açıqlamasında bildirib ki, dünyada mənəvi məsələlərdə anomaliyalar var.
“70 yaşlı kişi 18 yaşlı qadınla evlənəndə buna təəccüblə baxmırıq, halbuki, o da anormal hadisədir. Bu cür mənəviyyatımıza zidd şeylər bütün cəmiyyətdə var və qloballaşan dünyada hər kəs təsir altına düşür.
Ailə Məcəlləsinə görə Azərbaycanda qız və oğlanlar üçün nikah yaşı 18-dir. Onların bu yaşdan tez onların ailə qurmasına icazə verilmir. Cinayət Məcəlləsində qadının nikaha girməyə məcbur etməyə görə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 il müddətək azadlıqdan məhrum etmə nəzərdə tutulur. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min matadək cərimə və ya 4 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Deputat hesab edir ki, bu cür evliliklər - istər qızın özündən çox böyük kişi və ya oğlanın özündən çox böyük qadınla evlənməsi halları milli mənəvi dəyərlərə ziddir.
“Onu başa salan olmayıb ki, özündən yaşda xeyli böyük qızla evlənirsən, sənin ailən necə olacaq, uşağı necə tərbiyə edəcəksiniz, uşaq necə dünyaya gələcək. Belə ailələr qurulanda onun sonuna baxmaq lazımdır. Hissləri ağıldan üstün tutaraq evlənirlər, baxmaq lazımdır ki, bir neçə ildən sonra bu ailə qalır, yoxsa davam edir? Elə bir statistika hələ ki yoxdur. Amma eşitdiklərimə görə elə ailələr çox tez dağılır.
Bu gün yayılan məlumatda deyilir ki, ingilis dili müəlliməsi oğlan onun şagirdi olanda bir-birlərini seviblər və iki ildən sonra evləniblər. Yəqin onlar dünya praktikasından nəsə öyrənib, oxuyublar və ya doğurdan da belə hisslər olub. Bu ailə görək necə olacaq. İnanmıram ki, möhkəm ailə olsun, fikirlər üstü-üstə düşsün və problemlər olmasın. Qadının gənc əri varsa, orada qısqanclıq məsələsi də olacaq. Təki xöşbəxt olsunlar. Lakin bu məsələləri qeyri-normal hesab edirəm”.
Komitə sədri məktəblərdə bu cür anormal hadisələrin baş verməsini müəllim-şagird münasibətlərindəki boşluqlarla əlaqələndirib.
“Açıqlamada deyilir ki, müəllimə ilə keçmiş şagirdinin münasibəti məktəbdən başlayıb. Deməli müəllim-şagird münasibətlərində boşluqlar var. Şagird müəllimə müəllim gözü ilə baxmalıdır. Bizim ideal müəllimiz var, lakin bu o demək deyil ki, onunla evlənməliyik. Görünür bu məktəbdə müəllim-şagird münasibətləri yüksək səviyyədə deyil. Çünki artıq neçənci məktəbdir belə hallar baş verir, Şamaxıda baş verən hadisənin ardınca bu olay. Məktəblərdə bu cür hadisələrin olması yaxşı hal deyil. Tərbiyə birinci yerində olmalıdır. İnsanların birinci tərbiyəsi, sonra savadları olmalıdır. Görünür bu məktəblərin bəzilərində müəllim-şagird məsələləri, tərbiyə məsələlərində boşluqlar var”.
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbin 32 yaşlı ingilis dili müəlliməsi Əminə xanım keçmiş şagirdi, 18 yaşlı Cəlil Xəlilovla ailə qurub.
Bəzi saytlar Əminə müəllimənin oğlana qoşulub qaçması haqda xəbər yaysalar da, sonradan məlum olub ki, bu, yalandır, onlar dünən rəsmi şəkildə nikah bağlayıb, toy ediblər. Cəlil Xəlilovun şagir kimi təqdim olunması də həqiqət deyil. Belə ki, o, orta məktəbi ötən il bitirib və artıq şagird deyil.