Rusiyadan Sədərək gömrüyünə böyük axın var – “Bu yolla büdcəmizə 3 min manat qənaət etmiş olduq”
23-07-2023, 00:03

Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti vətənə qayıtmaq üçün bir müddətdir ki, yeganə açıq quru sərhəd yolu olan Sədərək gömrüyündən istifadə edirlər.
Bu barədə “Gündəlik Naxçıvan” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, quru yolu ilə Rusiyadan Azərbaycana gəlmək istəyən vətəndaşlarımız bunun üçün uzun yol qət edərək Gürcüstana, oradan Türkiyəyə, sonra isə Naxçıvana çatırlar. Bakıya getməyi hədəfləyən həmvətənlilərin əsas probleminin Sədərək gömrüyündən başladığı bildirilir. İddia olunur ki, vətəndaşlar gömrükdə saatlarla növbə gözləməli, Bakıya uçmaq üçün isə günlərlə təyyarə bileti axtarmalı olurlar.
“Bəzi işbazlara artıq pul verməklə, bütün bu problemlərdən yan keçmək də mümkündür. Gömrük işçiləri və aviakassalarla əlbir olan bu işbazlar bütün problemləri bir göz qırpımında həll edib, bir gün ərzində öz müştərilərini Bakıya yola sala bilirlər”, - məlumatda qeyd olunur.
Əslən Qusar rayonundan olan Rauf Qədimov deyir ki, bilet tapa bilmədiyindən ailəsi ilə birlikdə bir neçə gün Naxçıvan Hava Limanında gecələməli olub: “Bu yol çətin olsa da, çox sərfəlidir. Rusiyadan Bakıya təyyarə bileti ən ucuz 800 manatdır, o da tapa bilsən. Biz 5 nəfərik. Bu yolu seçməklə büdcəmizə ən azı 3 min manat qənaət etmiş olduq. Yol uzun və yorucudur, ancaq ən böyük çətinliyi Naxçıvanda yaşadıq. İşbazlar artıq öz işlərini qurublar. Müştəri ilə əvvəldən əlaqə yaradıb, hələ Naxçıvana çatmamış qrup yaradırlar. Çatdıqdan sonra isə həmin qrupu rahatca gömrükdən keçirib, biletlə təmin edirlər. Təbii ki, bunun müqabilində xeyli pul alırlar. Pul verməyənlər isə bizim kimi öncə gömrükdə, sonra da hava limanında süründürülürlər. Buna baxmayaraq, bu yol bizə sərf edir. Bir nəfərin təyyarə biletinə verəcəyim pulla beş nəfərlə gəlib Bakıya çıxmışıq. Amma azyaşlı uşaqları olan ailələr üçün bu yolu getmək daha çətindir. Yaxşı olar ki, Azərbaycanın quru sərhədləri açılsın. Orada yaşayan milyonlarla azərbaycanlı daha rahat və az xərc çəkərək istədikləri zaman vətənə gəlib, qayıda bilsinlər”.
Qeyd edək ki, Sədərək gömrüyünə yeni axın Rusiya ilə Gürcüstan arasındakı quru sərhədlər açıldıqdan sonra başlayıb.