Bankların üstünü "qara bulud" alıb:

1-09-2023, 08:48           
Bankların üstünü "qara bulud" alıb:
“Muğanbank”ın problemli kreditləri 2023-cü ilin ilk yarısında 57,1 milyon manata çatıb.

Bu, ilin əvvəli ilə müqayisədə 39 % və 16,03 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 41,2 milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 9,1 %-dən 12,6 %-dək artıb.

Problemli kreditlərin 41,2 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 27,2 milyon manat), 15,8 milyon manatı istehlak kreditlərinin (ilin əvvəlində 13,7 milyon manat) və 122,3 min manatı (ilin əvvəlində 101,8 min manat) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

Hesabat dövründə bankın ümidsiz kreditləri, yəni 1 ildən artıq müddətdə gecikdirilən kreditləri 36,1 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 12,8 % və ya 4,1 milyon manat çoxdur.

2023-cü ilin yanvar ayının 1-nə bu rəqəm 32 milyon manata bərabər olub. Ümidsiz kreditlərin ümumi portfeldə çəkisi isə ilin əvvəlindəki 7,1 %-dən iyulun 1-nə 7,9%-dək yüksəlib.

Eyni vəziyyət digər bankda - “Ziraat Bank Azərbaycan”da müşahidə edilir. Bankın problemli kreditləri 2023-cü ilin ilk yarısında 69,4 milyon manata çatıb.

Bu, ilin əvvəli ilə müqayisədə 25,7 % və 14,2 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 55,2 milyon manat təşkil etmişdi.

Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 17,4 %-dən 20%-dək yüksəlib. Problemli kreditlərin 68,6 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 54,6 milyon manat), 685,6 min manatı istehlak kreditlərinin (ilin əvvəlində 568,5 min manat) və 82,2 min manatı (ilin əvvəlində olmayıb) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

Bu dövrdə bankın vaxtı ötmüş biznes kreditləri 25,6 % və ya 13,9 milyon manat artıb. İstehlak kreditləri üzrə isə bu rəqəm 20,6 % və ya 117,1 min manat artıb.Qeyd edək ki, son vaxtlar bəzi problemli bankların bağlanacağı ilə bağlı fikirlər səslənir.

Belə banklardan biri kimi bir müddət əvvəl “Günay Bank” ASC-nin lisenziyası ləğv edildi. Hazırda problemli kreditləri artan bankların bağlanma təhlükəsi varmı?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Ruslan Atakişiyev Cebhe.info-ya bildirdi ki, istənilən halda bütün bankların problemli kreditləri olur:

“Sadəcə olaraq, problemli kreditlərin həcmi ümumi aktivlərin həcminə nisbətən riskli həddi keçmirsə, bu risklər qorxulu sayılmır. Çünki bütün bankların tərkibində risklərin idarə olunması məsələləri üzrə xüsusi qurum fəaliyyət göstərir ki, onlar məhz bu problemli kreditlərin ödənilməsi, ödənilməməsi vəziyyəti ilə bağlı qəraralar üzərində işləyirlər.

Azərbaycanda ümumilikdə problemli kreditlərin həcmi heç 10 faizə çatmır. O cümlədən, banklarda da 10 faizə çatmırsa, limitə yerləşdirilmiş aktivlərin vəziyyətinə baxmaq lazımdır ki, aktivlərin likvidliyi nə dərəcədədir.

Əgər xüsusi çəkisi azdırsa, ümumilikdə bankın aktivləri də likviddirsə, böyük bankın özünün balansı, mənfəətliyi, digər məsələlər uyğundursa, bağlanma qərarı verilmir. Bağlanma qərarı o zaman verilir ki, likvidlik problemi olsun, yəni aktivlərin yerləşdirilməsində, o cümlədən təkcə problemli kreditlər yox, borclanmanın səviyyəsi ona gətirib çıxara bilər”.

Ekspert deyir ki, bankların bağlanması ilə bağlı məlumat Mərkəzi Bankda olur:

“O sistem vasitəsilə mütəmadi olaraq bankları yoxlayırlar. Onların maliyyə vəziyyətini qiymətləndirirlər. Təhlükə doğura bilən, fəaliyyətində problem yarana biləcək bankları müəyyənləşdirirlər. Onların aradan qaldırılması üçün "yol xəritəsi" təqdim olunur. Bazarda gözlənilən banklar vardı ki, onların ptroblemləri və bağlanma ehtimalları böyük idi. Ancaq o banklar son 1-2 ildə həmin vəziyyətdən çıxıblar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.