Nə vaxta qədər bu cür 2 pilləli qeydiyyat tətbiq olunacaq?

3-09-2023, 08:13           
Nə vaxta qədər bu cür 2 pilləli qeydiyyat tətbiq olunacaq?
Hələlik rəqəmsal hökumət quruculuğunun vəziyyəti belədir :
1. Universitetə qəbul olunan tələbələr ETN-nin Portal.edu.az rəqəmsal resursunda qeydiyyatdan keçməlidir.
Bu resurs yetərincə dayanıqlı, işlək və digər dövlət qurumlarına da inteqrasiya olunmuş vəziyyətdədir.
2. Lakin təəssüf ki , bununla tələbənin işi yekunlaşmır. Universitetlər ETN-nin bu resursundakı elektron sənədlərlə hesablaşmır və qane olmur, kağız formada aşağıdakı sənədləri də tələb edirlər :
· Şəxsiyyət vəsiqəsinin surəti - 5 nüsxə;
. Abituriyentlər üçün attestatın əsli və sürəti - 3 nüsxə;
· Subbakalavrlar üçün (bu ilin məzunları) kollecdən məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları diplom və əlavəsinin surəti – 3 nüsxə;
. Tərcümeyi-hal (əlyazma);
· Hərbi biletin (bütün səhifələri) və ya ilkin hərbi qeydiyyata alınma haqqında (hərbi xidmətdə olmayanlar üçün) vəsiqənin (2-3 və 4-5-ci səhifələr) surəti - 2 nüsxə;
. Sağlamlıq haqqında arayış
· 3x4 fotoşəkil - 6 ədəd;
· Təhsil haqqında ödəniş qəbzinin surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün) – 3 nüsxə.
3. İmtiyazlı (təhsil haqqından azad olunan) abituriyentlər (subbakalavrlar) onlayn qeydiyyat zamanı sistemə əlavə etdikləri notarial təsdiqli xeyli sayda sənədlərin əslini də universitetə təqdim etməlidirlər.
Yuxarıda sadalanan bütün bu sənədlər digər qurumlarda və ETN sistemində elektron formada var.
Görəsən nə vaxta qədər bu cür 2 pilləli qeydiyyat tətbiq olunacaq?
Əgər bütün sənədlər ETN-də artıq varsa , digər dövlər qurumlarından da inteqrasiya əsasında zəruri sənədlər sorğulanıbsa onda bu sənədləri yenidən kağız formada universitetlərin tələb etməsi nə dərəcə doğru bir şeydir.
Axı rəqəmsal transformasiya ona görə aparılır, ona görə bura ictimai vəsaitlər yatırılır ki, xərclər azalsın, vətəndaş üçün rahat olsun, çeviklik və effektivlik olsun.
İndiki formada isə bütün bunların reallaşmasını deyil, əksinə bəzi hallarda daha da çətinləşməsini görürük.
Görəsən ETN, RİNN, İRİA bundan xəbərdardırmı?Gələcək üçün nə təklif olunur?
Düşünürəm ki, qanunvericiliyə görə mərkəzləşmiş rəqəmsal təhsil resursları yaratmaq səlahiyyəti olan ETN universitetlərlə inteqrasiyanı başa çatdırmalı və qeydiyyat bir nöqtədə rəqəmsal formada bitməlidir.
RİNN və ETN normativ aktlara əl gəzdirməli, universitetlərə yenidən kağız formada sənəd qəbulu aparmaq qadağan edilməlidir.
Yaxud da ETN imkan verməli və kömək etməlidir ki, Universitetlər belə resursları yaradıb qeydiyyatı onun üzərindən rəqəmsal formada özləri reallaşdırsınlar.
Məsələn, UNEC yeganə universitetdir ki, yenə də paralel olaraq qeydiyyat aparsa da, kağız sənəd tələb etmir, bunu özünün rəqəmsal resursu üzərindən reallaşdırır.
Amma, düşünürəm ki, ETN və İRİA bu paralelçiliyi bitirməlidir.
Hələlik isə görünən odur ki, ETN bu cür faydalı və işlək resursları yalnız özü üçün yaradıb.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.