“Həmin məktəb və bağçalarda su yoxdur” - Açıqlama
9-09-2023, 15:25

“Şirvan şəhəri ərazisindəki bağça və məktəblərdə su yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup şəhər sakini müraciət edib.
Vətəndaşların sözlərinə görə, bu vəziyyət aylardır ki, davam edir: “Yeni tədris ili başlayır və bu problem həll olunmayıb. Hər gün valideynlər məktəbə su aparırlar. Hara şikayət etsək, “bizlik deyil” deyirlər. Qarşıdan qış gəlir, su olmadan kombilər necə işləyəcək? Körpə uşaqlar susuz və istilik olmadan necə olacaqlar? Hamı məsələyə biganə yanaşır”.
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mövcud vəziyyətdə bağçalara su maşınla göndərilir: “Problemin əsas özəyi “Azərsu”da dayanır. Belə ki, məktəbəqədər təhsil müəssisələri İcra Hakimiyyətinin balansında olanda borc yığılıb. Regional idarəyə keçdikdən sonra isə silinməyib.
Hazırda bununla bağlı lazımi işlər görülür. Tərəfimizdən nəzarətə götürülüb. Qısa zamanda bağçalar və məktəblər su ilə ilə təmin olunacaq”.
“Azərsu” ASC-dən isə sorğumuza cavab olaraq deyildi ki, bağçaların su təminatında heç bir problem yoxdur.
Lamiyə Məmmədova