Kənddə yaşamaq əlbəttə, əziyyətli işdir...

18-09-2023, 10:34           
Kənddə yaşamaq əlbəttə, əziyyətli işdir...
Əlbəttə, Azərbaycan kəndində yaşamaq və öz təsərrüfatını idarə etmək, gəlir götürmək əziyyətli bir işdir.
Zatən, çörək hər yerdə və hər zaman daşdan çıxıb.
Bu yay bir neçə kənddə oldum. Suyun saatla gəldiyini, səhər kəsilib axşam yanan elektriki, gün boyu işıqsız - yəni internetsiz, telefonsuz qalmağı, telefonun çəkməzliyini, yolların dağılmışlığını gördüm.
Kənddə yaşamaq əlbəttə, əziyyətli işdir...
Amma səhər yeməyinə hindən 5-6 yumurta gəldi, günorta dirrikdən göyərti, pomidor, xiyar, bibər... ki bu ləzzətləri hansı bahasına alsan belə bazarlarda tapmaq olmur...
Söhbət bir Qarabağ kəndindən gedir...
Həyətdə kefin istəyən bir tut ağacı var, çətirinin altına qoşun sığar. Adına ruzu da deyə bilərsən, bərəkət də, LÜTF də...
Mövsümündə şəfa mənbəyi, il boyu nemət - səhər yeməyinə bəhməzi, axşam məzəsinə tut qurusu...
Torpağın lütfü...
Həyətdə hər ağacdan var...
Gavalı qurudublar... bizim 5-6 manata aldığımızdan...
Ərik qurusu... od qiymətinə aldığımızdan...
Süfrədə heyva, nar, zoğal və hər meyvənin mürəbbəsi və kompotu var... "öz bağımızdandı"...
Ağacların altı qoz, fındıq dolu... tökülüb yerlə bir olub... anbarda da yetərincə qış ehtiyatı var... həm yeməyə, həm satmağa...
Bunun adı bolluq... maşaallah...
Eləcə də bostanda bitən hər şey - pomidor, xiyar, bibər, boranı... hər birindən də qışa ehtiyat tuturlar... işləməyən dişləməz...
Əlbəttə, bu azuqə üçün gərək qarışqa kimi işləyəsən... evdə həm müdrik ana, həm qoçaq, yığımcıl, gəlirini, çıxarını bilən gəlin olmalı...
Həm ev, həm təsərrüfat, həm uşaqlar ciddi bir idarəetmə gücü olan qadının əlində olmalıdır...
Bu qədər çoxşaxəli idarəetməni yalnız qadın bacara bilər...
Yurdları abad, ömürləri uzun olsun, ikisi də var idi qonaq olduğum bu evdə...
Həm evə, işə, uşağa əmək verən yanımcıl nənə, həm də inzibatlı bir ana...
Kişilər, zatən, çöllərdədir...
Baxdım, baxdım... axı biz şəhər camaatı bu kənd evində işlənən azuqənin təzə-tərini tapmır, köhnəsinə hər gün bir ətək pul veririk. Demək olar, bütün qazancımız yeməyə gedir... kənddə isə, ay uşaq, get ağacı çırp, necə deyərlər, yel əssin, qoz tökülsün...
- bir az armud yığ, gəti...
- get üzüm dər... bəriki ağacdan, qızarmışlarından yığ...
Boyu 3 mərtəbəli ev hündürlüyündə olan xirnik ağacını üzüm tənəyi sarıb. Qızılı salxımlar meyvəsi hələ saralmamış ağaca başqa bir əzəmət verib...
Amma və lakin... dediyim kimi vaxtaşırı işıq sönür, qaz kəsilir, su gəlmir... kənd həyatı əzablıdır... lakin qənirsizdir...
Təkcə qənirsiz deyil, həm də dövlət əhəmiyyətlidir, milli əhəmiyyətlidir, hərbi əhəmiyyətlidir...
Qaynana və gəlinlə çətinliklərdən söhbət edirik... az qala yalvarıram...
-Bu qiymətli mülkü tərk etməyin...
-Yox... yox...
Kənddən şəhərə daşınmaların çox faizi qadınlara görədir. Tənbəllikdəndir. Həm də şəraitsizlikdəndir. Dövlət baxımsızlığındandır. Bu kimi çətinliklərə görə qadın heyvan saxlamaq, süd sağmaq, pendir tutmaq, yağ çıxarmaq, bostan əkmək, göyərti qurutmaq, bəhməz bişirmək, qoz-fındığı toplayıb qurutmaq, şoraba qoymaq, mürəbbə bişirmək, gül-çiçək bəsləmək istəmir... və kişinin başının ətini yeyir: "köçək şəhərə- köçək şəhərə" deyə...
-Siz bunu eləməyin... lütfən... torpaqdan bərk yapışın, artırın, satan olanda alın, uşaqlarınızdan da heç olmasa birini bu təsərrüfata bağlayın, mülkə sahib olsun... mülkədar olsun...
Əlbəttə, çətin həyatdır... amma lazımdır... zaman da əvvəlki deyil, müəyyən dəstəklər var kəndliyə...
Ötən il Şamaxının Çağan kəndinin yox olub getdiyini gördüm... halbuki bu kənddə 30 il əvvəl 45 ev vardı, indi 3 ev qalıb. Hər qapıda 5-6 camış vardı. İndi yoxdu. Kəndin qoyun sürüsü ucu bucağı görünməz idi. O da yoxdur.
Hər gün Şamaxı bazarına Çağandan maşın gedir, süd, qatıq, şor, pendir, yağ, meyvə aparırdı. İndi aparmır, beləcə, bazar qıt olur və bahalaşır...
Çağan kimi səfalı, verimli bir kənd ona görə yox oldu ki, yolu yoxdur... Şamaxının iqamətgahlara gedən güzgü kimi yollarından bu kəndi cəmi 3 kilometr ayırır. O 3 kilometri çəkmədilər və kəndi yox etdilər...
Çox acınacaqlı...
Şamaxıya bu son 30 ildə neçə icra başçısı gəldi, bilmirəm, adları nədi, kimdilər, nəçidirlər, nə apardılar, nə qazandılar, nə qapdılar dövlətin və bu yazıq əhalinin cibindən... tanımıram... amma kimdilərsə insaf, mürvət, insanlıq deyə bir halları yoxmuş, vəzifəni xalqa xidmət kimi görmədilər, gözləri baxa-baxa bir kəndi məhv etdilər, əhali qaçdı... min ilin kəndi yolsuzluqdan yox oldu...
Və nə qədər bu kimi kəndlər yox oldu...
Ölkə kənd məzarlığına dönməkdədir... xüsusən, dağ kəndləri yox olmaqdadır...
Əlbəttə kənddə yaşamaq əmək istəyir, durmadan işləməlisən...
Sözümün canı:
Qonaq olduğum bir Qarabağ kəndi idi.. cəbhə xəttindən aralı olduğundan salamatdı, ağır güllə-boranda bir neçə dəfə qaçıb yenidən qayıdıblar...
Belə kəndləri və bütün kəndləri dövlət gərək göz üstdə saxlasın, yırtıcı məmurlara yedirməsin bu ölkənin sərvətini, kəndliyə yardım etsin, kəndlini, əkini, biçini, heyvandarlığı yaşatsın...
Kəndli qaz, su, işıq, yol dərdi çəkməsin... onsuz da kənd həyatı əziyyətlidir... Lakin o qədər mühümdür ki... hər bir vətəndaş da, yəni hər birimiz də, hökumət də, dövlət də kəndə, kəndliyə borcludur...
Mehriban Vezir
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru