Bu mövsüm də pulsuz bitdi: Sektor qış yuxusuna gedib

23-09-2023, 08:14           
Bu mövsüm də pulsuz bitdi:
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 7,5 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 4,4 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Qazaxıstan, 2,4 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, 1,6 faizi İsrail, hər birindən 1,5 faiz olmaqla Küveyt və Ukrayna, 1,4 faizi Belarus, 1,2 faizi Türkmənistan, 1,1 faizi Böyük Britaniya, 11,9 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9 faizi hava, 26,7 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Artıq yay fəsli başa çatıb, bu isə yay turizm mövsümünün də başa çatması deməkdir. Turizm sektoru ilə bağlı açıqlanan statistik rəqəmlərə nəzər saldıqda, cari ildə də bu sektorda rekord göstəricilər əldə edə bilməmişik. Ümumiyyətlə, ölkədə turizmin inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi və müsbət nəticə əldə edilməsi ilə bağlı müvafiq qurumlar tərəfindən fikirlər səslənsə də, mövcud rəqəmlərdə reallığı görmək mümkündür. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ilin ilk 8 ayı ilə bağlı məlumatına görə, bu ölkəyə gələn xarici ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artım olub. Türkiyə 2023-cü ilin ilk 8 ayında 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.

Ziyarət edənlərin 33 milyon 426 min 940 nəfərini əcnəbi, 3 milyon 327 min 206 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib. İlk 8 ayda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında əvvəlki ilin eyni dövrünə görə 44,84 faiz artım və 4 milyon 351 min 254 nəfərlə Rusiya birinci, Almaniya 6,03 faiz artımla 4 milyon 82 min 994 nəfərlə ikinci yerdədir. İngiltərə 12,36 faiz artımla 2 milyon 652 min 188 nəfərlə üçüncüdür.

Bu ölkələri müvafiq olaraq Bolqarıstan və İran izləyir.

Göründüyü kimi, turizm sektorunun inkişafı istiqamətində Türkiyə davamlı olaraq uğurlara imza atır. Bununla yanaşı, turizm sektorunda daha da irəliləyişə nail olmaq üçün ardıcıl layihələr həyata keçirir. Təbii ki, Azərbaycan turizm sektorunda hələ də İspaniya, Fransa, Türkiyə kimi ölkələrlə rəqabət apara bilməz. Ancaq bu istiqamətdə ardıcıl layihələr həyata keçirməklə bu sektorun inkişafına nail olmaq mümkündür. Məsələn, əgər bu gün Tütkiyəyə 36 milyon turist gəlirsə, Azərbaycan 5-6 milyon turist cəlbinə nail olmalıdır.

Ancaq “inkişafda olan” bu sahədə hələ də ən azı pandemiyadan əvvəlki rəqəmləri əldə edə bilmirik. Halbuki pandemiyadan öncə ən yüksək rəqəm kimi 3 milyon turist qeydə alınmışdı. Beləliklə, ölkəmizə əsasən yay turizm mövsümündə daha çox turist gələcəyini hədəfləyirdiksə, artıq bu mövsüm də öz nəticəsini vermədi. Bu isə onu göstərir ki, müvafiq qurumlar bu sektorunun inkişafı üçün hələ çox çalışmalıdır.

Nigar Abdullayeva
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.