Məleykə Abbaszadə: Əksər imtahanlar ödənişli olacaq

13-07-2016, 16:32           

“Müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir”.

“Müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək”.

teref.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Trend-ə müsahibə zamanı deyib.

Onun sözlərinə görə, ödənişli əsaslarla imtahanların keçirilməsi bu ilə aid deyil.

“Hər bir kəs imtahan vermək üçün şəxsiyyət vəsiqəsi ilə iş nömrəsi götürür və buna görə dövlətə 2 manat rüsum ödəyir. Bu il aparacağımız bütün imtahanların dövlət rüsumu əvvəl olduğu kimi qalacaq. Söhbət müxtəlif növ qəbul imtahanlarından, yəni bütün təhsil pillələrinə qəbul imtahanlarından gedir ki, onlar da pullu olmalıdırlar”.

O bildirib ki, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir.

“Elə imtahanlar var ki, bu xərc daha çoxdur. Bu, o imtahanlardır ki, orada iştirakçıların sayı az olur. Məsələn, kütləvi imtahanlarla müqayisədə rezidentura imtahanlarının keçirilməsinə daha çox pul xərclənir. Kütləvi imtahanlar olanda xərclənən pul iştirakçıların sayına görə bölünür, ona görə də xərclər bir az azalırdı.

Amma elə də böyük imtahan olmayanda - iştirakçıların sayı 1000-2000 nəfər olanda xərclər təbii ki, artır. Biz indi bununla əlaqədar müəyyən arayışlar hazırlayırıq. Bu arayışları müəyyən bir sənəd kimi Tarif Şurasına təqdim etməliyik. Tarif Şurasında bu sənədlərə baxılmalıdır.

Təbii ki, müəyyən imtahanlar dövlət hesabına aparılmalıdır. Bu, buraxılış imtahanlarıdır, attestasiya da pulsuz olmalıdır. Çünki buraxılış imtahanları yekun attestasiyadır və ölkədə 11 illik təhsil pulsuzdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.