Nazirlikdən valideynləri sevindirən qərarla bağlı - Açıqlama
14-07-2016, 08:02
Nazirlər Kabinetinin “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərarı çoxdan gözlənilən idi. Uşaqların məktəbə hazırlığının təşkili təhsil sahəsində uşaqlar üçün bərabər şəraitinin reallaşdırılması prinsipi deməkdir.
Bunu açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
O qeyd edib ki, ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri 5 yaşlı uşaqların məktəbə hazırlığı təhsili ilə təminatına imkan yaratmırdı. Buna görə də Azərbaycan hökümətinin qərarında məktəbəqədər hazırlıq müəssisələri ilə yanaşı, məktəblərdə də məktəbə hazırlığın təşkili nəzərdə tutulub.
“Məktəbə hazırlığın pilot qaydasında ümumtəhsil məktəblərində tətbiqinə Bakı şəhərində iki il bundan əvvəl reallaşdırmağa başlamışıq. Çox yaxşı nəticələr verib. Hesab edirəm ki, yeni qərarla əlaqədar xeyli təşkilati işlər görülməlidir”.
Uşaqların məktəbə hazırlığının 2020-ci ilə qədər 90 faizə çatdırılacağını qeyd edən nazirlik rəsmisi bildirib ki, ümumi hazırlanmış məlumata əsasən bu 4 tədris ili ərzində həyata keçiriləcək.
“2016-2017-ci tədris ilindən artıq proses başlayacaq. Nəzərdə tutulur ki, ilk başlanğıcda uşaqların 55 faizi, sonra 65 faizi, daha sonrakı ildə 75 faiz, 2020-ci ilə qədər 90 faizi əhatə olunsun. Bununla əlaqədar yerlərdə müvafiq təşkilatlarla birlikdə ciddi təşkilati işlər aparılmalıdır. Məktəbəhazırlığın təşkili uşaqların məktəbə hazırlanmasında mühüm rol oynayacaq. Şagirdlərin sonrakı illərdə yaxşı nəticələr göstərməsində ibtidai təhsil xüsusi rol oynayır. Əvvəllər 1-ci sinifə qəbul olanlar ya ailərdən gəlirdi, ya da məktəbə hazırlıqdan. Bu baxımdan bərabərsizlik hökm sürürdü. Bərabərliyin təmin edilməsi təlim prosesindəki vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir”.
A.Əhmədov vurğulayıb ki, ilkin mərhələdə rayon və şəhərlər üzrə 5 yaşlı uşaqların sayı müəyyənləşəcək. “Növbəti tədris ilində 5 yaşlı uşaqların 55 faizi cəlb olunacaq. Bu tam pulsuz şəkildə, dövlət hesabına həyata keçiriləcək. Tədris oktyabra qədər 5 yaşı olan uşaqlara aiddir. Mətkəbdə hazırlıq oktyabrda başlayıb may ayında bitəcək”.
Qeyd edək ki, Nazirlər Kabineti “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri haqqında” qərar verib. Qərarda qeyd edilib ki, dövlət ümumtəhsil məktəblərində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına məktəbə hazırlıq qrupları açılsın və bununla bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi hər il dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Təhsil Nazirliyinə tapşırılıb ki, 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri ilə yanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə etsin, əlavə olunmuş cədvələ əsasən, 2016-2017-ci dərs ilindən başlayaraq ayrılmış büdcə vəsaiti çərçivəsində 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsi üçün aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə zəruri təşkilati-pedaqoji tədbirləri həyata keçirsin.
Maliyyə Nazirliyi və Təhsil Nazirliyinə dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.