Stansiyalarda fərqli qiymət, 68 qəpik necə hesablanıb, pullar hara gedir: - Metropolitendən suallara CAVAB
3-11-2023, 18:09

Son günlər Bakı metrosunda gediş haqqının artırılması ilə bağlı müzakirələr səngimir.
Müzakirə “Bakı Metropoliteni”QSC-nin sədr müvani Hidayət Məmmədovun “Azərtac”-a verdiyi müsahibədən başlayıb.
O, 2022-ci ildə bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyini qeyd edib. Yəni “Bakı Metropoliteni” QSC bir sərnişin daşınmasının qiymətinin 68 qəpik olduğunu bildirib. O, həmçinin, sentyabrdan metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyətinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verildiyini açıqlayıb.
Bildiyimiz kimi, bundan öncə metro və avtobuslarda gediş haqqının tənzimlənməsi Tarif Şurasının nəzarətində idi. Hətta yaxın keçmişdə, bu ilin yanvarında qurum metro və avtobuslarda gediş haqqını 10 qəpik artıraraq 40 qəpiyə çatdırmışdı. Bu açıqlamalardan sonra insanlarda müxtəlif suallar yaranıb.
Bir sərnişini mənzil başına çatdırmağın metropolitenə 40 yox, 68 qəpiyə başa gəlməsi hansı qaydayla hesablanıb? Bura hansı xərclər daxildir?
“Bakı Metropoliteni” QSC-nin rəsmi saytında ən sonuncu maliyyə hesabatı 2020-ci ilə aiddir. Bildiyimiz kimi, dövlət hər il Metropolitenə subsidiya ayırır. 2020-ci ilin maliyyə hesabatında bildirilib ki, dövlət büdcəsindən ayrılan subsidiya bütövlüklə işçi heyəti ilə hesablaşmalara (əmək haqqı, dövlət sosial sığorta ayırmalarına və işsizlikdən sığorta haqqına), elektrik enerjisinin, su və kanalizasiya xidmətlərinin ödənilməsinə sərf olunur.
Üstəlik, 2024-cü ildə Azərbaycanda sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulur.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % çoxdur.
Təbii ki, qurumun əsas gəliri sərnişindaşıma, subsidiya və digər (bura reklam yayını, bankomatlar və POS terminalllar, ticarət obyekləri və s. daxildir) xidmətlərlə bağlıdır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında ilk olaraq maliyyə hesabatının dərc olunmamasına aydınlıq gətirib:
Qanunvericiliyə görə, müstəqil auditin rəyi olmadan bizim maliyyə hesabatımız dərc olunmamalıdır. O rəydən sonra bütün məlumatlar verilib. Dünyada, beynəlxalq reytinqdə ilk üçlükdə olan təşkilatdır. Son günlər qabardırlar ki, özləri audit seçirlər və s. Qətiyyən belə bir şey yoxdur, açıq-aşkar prosedurlar və keçirilən tenderlərdir.
Auditə bütün məlumatlar təqdim olunur və onların rəyləri gözlənilir. O rəyləri aldıqca özününz görəcəksiniz ki, 68 qəpik son iki ildi yoxdur. Pandemiya dövründə Metropolitan daha çox zərərlə işləyib. Çünki Metropolitenin gəlirləri birbaşa sərnişin daşımadan asılıdır. Sərnişin sayı azaldıqca bizim gəlirlərimiz də azalır.
Reklam şirkətlərinə verilən yerlər, müxtəlif kabel təsərrüfatı ilə bağlı xidmətlər- bunların hamısını üst-üstə gələndə cüzi bir rəqəm alınır. Bunu da göstərmişik, reklam gəlirləri bütün gəlirlərimizin cəmi 3 faizini təşkil edir”.
Metropoliten rəsmisi məsafədən asılı olaraq qymətin dəyişməsi məsələsinə toxunaraq bunun Bakı metrosunda effektiv olmayacağını bildirib:
“Ekspertlər istəyirlər ki, bizdə diferensial tənzimlənmə olsun. “Koroğlu”dan “Elmlər Akademiyası”na bir qiymət, “Koroğlu”dan “28 May”a isə başqa qiymət. Bu gün “Bakı Metropoliteni” QSC-nin cəmi 27 stansiyası var. Burada digər şəhərlərdəki kimi zona prinsipi, diferensiallaşması tətbiq etmək nə qədər effektiv olacaq?!
Belə çıxır ki, biz “Elmlər Akademiyası”ndan “28 May”a kimi 40 qəpik, “28 May”dan “20 Yanvar”a qədər 60 qəpik olan tarif tətbiq eləməliyik. Burada sərnişinin ödədiyi 40 qəpikdən söhbət getmir axı, o vəsaitin formalaşmasında əməkhaqqı, kommunal xidmətə, yəni elektrik enerjisinə ödənilən vəsaitlər də rol oynayır.
Normativlərə uyğun olaraq bizim həyata keçirdiyimiz təmir prosesləri və digər məsələlərin hər birinin rolu var və maliyyə hesabatında bunların hamısını əyani görəcəksiniz. Sadəcə, maliyyə hesabatı dərc olunana qədər bir az səbrli olub gözləmək lazımdır”.
Qurum rəsmisi Metropolitenin qənaətlə işlədiyini deyib:
“2018 və 2019-cu illərdə Metropolitendə bir sərnişinin daşınmasının maya dəyəri 51 və müvafiq olaraq 50 qəpiyə düşüb. Burada say və Metropolitenin tətbiq elədiyi optimallaşdırma rol oynayır. Məsələn, ağac şpalların əvəzinə dəmir-beton bloku nə qədər tətbiq eləsək, o qədər qənaətə nail oluruq. Həm vəsait xaricə getmir, həm gömrük xərcləri olmur, özümüz istehsal elədiyimiz üçün daha ucuz başa gəlir.
Orada qısa olaraq hamısı qeyd olunub. Bəzi ekspertlər zəng vurub deyirlər ki, çox sağ olun ki, bunu detallı yazmısınız. Bildirirlər ki, digər məsələləri də sorğu göndərib araşdıracağıq. Məsələn, dəmir - beton bloku tətbiq edib nə qədər qənaət etmisiniz və s. Bunlar hamısı sərnişindaşımanın maya dəyərinə müsbət təsir edən elementlərdir”.