Qiymət bahalaşdıqca, xidmət ucuzlaşır: - Metro və avtobusda keyfiyyət daha da azalır

3-11-2023, 18:26           
Qiymət bahalaşdıqca, xidmət ucuzlaşır: -
Son günlər aktual olan mövzulardan biri də ictimai nəqliyyatın yenidən bahalaşacağı ilə bağlıdır.

Buna səbəb isə bugünlərdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun “Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub.

Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır” fikrini səsləndirməsi olub. Cəmiyyətdə isə artıq belə bir formalaşıb ki, Metropoliten rəhbərliyinin bu fikirləri vətəndaşlarda “bahalaşmaya hazır olun” siqnalıdır.

Bu da təsadüfi deyil. Belə ki, ölkədə son illər hansı sahədə bahalaşma baş verirsə, öncədən həmin sektorda problemlərin olduğu, onun isə ancaq qiymət artımı ilə aradan qaldırıla biləcəyi bildirilir. İctimaiyyət bu fikrə “alışdıqdan” sonra həmin sahədə bahalaşma baş verir.

Qeyd edək ki, elə ötən il ictimai nəqliyyatla bağlı da belə bir proses baş verdi. Belə ki, ötən il Azərbaycanda özəl daşıyıcılar Tarif Şurasına müraciət edərək ictimai nəqliyyatda mövcud olan vahid tarif siyasəti ilə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yarandığı deyib:

"Buna baxmayaraq, hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 %-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil. Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb".

Müraciətdən sonra 1 fevral 2023-cü il tarixindən Tarif Şurasının qərarı ilə Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı qaldırıldı. Şura gediş haqqını 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat civarında təsdiqlədi. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olundu.

Vətəndaşlar isə ictimai nəqliyyatın bahalaşmasından sonra bu istiqamətdə mövcud problemlərin öz həllini tapacağını gözləyirdi. Bu sahədə əsas problemlər isə ondan ibarət idi ki, paytaxtın müxtəlif ərazilərində dayanacaqlarda vətəndaşlar uzun müddət avtobus gözləməli olurdu. Bu isə əsasən avtobus sayının azlığı, yollarda tıxacların olması ilə əlaqələndirilirdi. Eyni mənzərəni metroda da müşahidə etmək mümkündür. İzdiham nəticəsində insanlar nəinki qatara minə bilmir, irəliləyə bilmirdilər.

Ancaq mövcud problemin “qiymət bahalaşması yolu ilə həlli” bu sahədə heç bir keyfiyyət dəyişikliyi yaratmadı. Əksinə, yay mövsümü başa çatdıqdan sonra tələbələrin, regionlara səfər edən vətəndaşların geri dönməsi nəticəsində paytaxtda sərnişinlərin sayı ilə yanaşı, avtobusların, metronun keyfiyyətsiz xidməti daha da artdı. Beləliklə, qiymət artımı yollardakı tixac problemini, bu səbəbdən insanların itirdiyi vaxtı, bunun sağlamlığa, əmək qabiliyyəti və işgüzarlıq səviyyəsinə təsirini ortadan qaldırmadı.

Bu isə onu göstərir ki, ictimai nəqliyyata vətəndaşlara sosial xidməti kimi deyil, yalnız bines kimi baxılır. Hazırda nəqliyyatla bağlı yeni bahalaşmaya doğru gedilir. Maraq doğuran isə odur ki, sonuncu bahalaşmadan ötən dövrdə keyfiyyətdə hansısa dəyişiklik müşahidə olunubmu ki, yenə qiymət artımına gedilir?

TEREF.AZ-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa Cebhe.info-ya bildirib ki, ictimai nəqliyyatın bahalaşması cəmiyyəti narahat edir:

“Çünki insanların real gəlirlərinin artmadığı bir şərtdə həm də nəqliyyat nəqliyyat xərclərinin artması aztəminatlı ailələr üçün ciddi problem yaradacaq. Ancaq bu məsələ indiyədək metroda, Naxçıvana uçan təyyarələrdə dövlət dotasiyası ilə müəyyən qədər kompensasiya olunur. Məncə, bu kompensasiya davam etməlidir.

Bahalaşma o vaxt ola bilər ki, vətəndaşın real gəlirləri də bunu ödəməyə mütənasib olur. Bu baxımdan da qiymətlərin artması doğru deyil və indiki vəziyyətdə sosial narazılğa səbəb olan nəticələr doğuracaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.