Çıxıb izah etsinlər ki, ölkədə ÜDM nədən MDB ölkələri arasında ən az artan olub...

21-11-2023, 00:07           
Çıxıb izah etsinlər ki, ölkədə ÜDM nədən MDB ölkələri arasında ən az artan olub...
2023-cü ilin ilk 9 ayında Azərbaycanda 60900 iş yeri açılıb, eyni dövrdə 10800 insan iş yerini itirib. İlk baxışdan açılan iş yerlərinin bağlanandan çox olması müsbət görünsə də, dərinə enəndə problemlər olduğu görünür. Bu ilin ilk 9 ayında “yeni” kimi qeydiyyata alınan 60900 iş yerlərinin əksəriyyəti zatən olub, sadəcə olanlar rəsmiləşdirilib, bunların çoxu “yeni iş yerləri” deyil. Amma real olaraq 11 minə yaxın insan işini itirib – bax bu çox ciddi məsələdir.
Ümumiyyətlə, hökumətin iqtisadi komandası son zamanlar ölkə iqtisadiyyatında baş verən neqativ tendensiyaları izah etməkdənsə, məsuliyyətlərini hiss edib problemləri görməkdənsə, yenə gurultulu bəyanatlar verirlər. Çıxıb izah etsinlər ki, ölkədə ÜDM nədən MDB ölkələri arasında ən az artan olub, niyə bu il iqtisadi artım cəmi 0,5% olub ki, bu da faktiki artım deyil, hətta ressesiya tendensiyasıdır. Və ya, çıxıb izah etsinlər ki, nədən gələn il büdcədə vergidən daxilolmalar kəskin azalır, niyə gələcək nəsillər üçün nəzərdə tutulan Neft Fondundan bu ilə nisbətən 2024-də daha çox vəsait götürüləcək.
İqtisadiyyatımızda pis tendensiyalar, məmləkətin qarşısında isə böyük maddi xərclər tələb edən çağırışlar var – yaxın 6-7 ildə tək elə işğaldan azad olunan torpaqlarımızın bərpasına əlavə 50-60 mlrd. manat vəsait lazım olacaq. Bu vəsait isə indi yoxdur, ölkənin pul qazanması üçün iqtisadi azadlıqların genişlənməsinə, iqtisadi aktivliyin artması üçün isə yeni vergi-gömrük qanunvericiliyinə, ədalətli məhkəmə sisteminə acil ehtiyac var. Bu addımlar üçün yüksək və effektiv təşəbbüskarlığı olan iqtisadi komanda, yeni idarəetmə fəlsəfəsinə keçid lazımdır...
Natiq Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.