Avtobusların sayı azaldılacaq?
29-12-2023, 12:14

Sıxlığın aradan qaldırılması üçün yeni "həll yolu" tapılıb...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev
Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib ki, Bakının
mərkəzinə gedən avtobusların sayı azaldılmalıdır.
Sədrin sözlərinə görə, səfərlərin 13 faizində Bakının mərkəzindən tranzit kimi istifadə olunur. O,
bildirib ki, səfərlərin əksəriyyəti Xırdalan, Binəqədi istiqamətindən Bakının mərkəzinədir. Eləcə də
səfərlərin 50 faizi Xətai rayonundan Bakının mərkəzinə doğrudur: “Sıxlığın azaldılması üçün
əsas çıxış yolu Bakının mərkəzinə gedən avtobusların sayının azaldılmasıdır”.
Pressklub.az-ın Bakıda parklanma ödənişlərinin bahalığı ilə bağlı araşdırmasında aidiyyəti
qurumlardan bildirilmişdi ki, parklanmanın baha olması insanların ictimai nəqliyyata cəlb
edilməsi üçündür. Yəni, insanlar şəhərin mərkəzində fərdi avtomobillərindən istifadə edərkən
daha çox sıxlıq yaranır. Amma onlar kütləvi şəkildə avtobusdan istifadə etdikdə sıxlığın qarşısı,
az da olsa, alınır.
İndi isə deyilir ki, sıxlığın qarşısını almaq üçün avtobusların sayı azaldılmalıdır. Bu açıqlama xeyli
suallar yaradıb. Fərdi avtomobillərdən istifadə etmək məsləhət görülmür, taksilərin qiyməti
günbəgün artırılır, avtobusların sayını isə azaltmaq təklif olunur. Bəs əhali necə hərəkət
etməlidir? Metroda sıxlıq barədə araşdırmamızda bu sahədəki vəziyyətin də gərgin olduğunu
bildirmişdik. Belə olan halda, A.Rzayev nəyə əsaslanaraq bu təklifi səsləndirib? Həqiqətən
avtobusların sayı azaldılacaqmı?
Məsələyə aydınlıq gətirməsi üçün ilk növbədə AYNA-nın mətbuat katibi Tural Oruca müraciət
etsək də suallarımız cavabsız qaldı.
Mövzunu ekspertlərlə müzakirə etdik. Nəqliyyat eksperti Elməddin Muradlı Pressklub.az-a
açıqlamasında deyib ki, avtobusların sayının azaldılması inandırıcı deyil: “Çox güman, yanlış
anlaşılma olub. Özüm o tədbirdə iştirak etmişəm, bu fikirlərin şahidi olmamışam”.
Onun sözlərinə görə, məsələnin mahiyyəti avtobusların yox, marşrutların sayının azaldılması ilə
bağlıdır. Bakıda 27 daşıyıcı şirkət, 180 marşrut fəaliyyət göstərir. Hər marşrutda 5, 10, 15…
avtobus xəttə çıxır. Ümumilikdə 2 mindən artıq avtobus dövriyyədədir: “Bunların sayı isə kifayət
qədər deyil. Biz AYNA-ya təklif etmişik və onlar da qəbul edir ki, Bakı şəhərinə ən azı 2600
avtobus lazımdır. Hazırda 500-600 avtobusa ehtiyac var. Hələ nəzərə alsaq ki, avtobus parkı
yenilənməli, köhnələri yenilərlə əvəzlənməlidir. O zaman vəziyyət bir az da dəyişir”.
Ekspert deyir ki, Anar bəyin sözünün mahiyyəti marşrutların sayının azaldılması, avtobusların
sayına və intervalına nəzarətin artırılmasıdır. Yəni, bir xətt üzrə 5 marşruta aid avtobuslar
hərəkət edərək, eyni istiqamətdə gedir. Nəticədə avtobuslar ya boş gedir, ya da eyni anda
dayanacağa daxil olur. Sonra da kim tez çatdı yarışına çıxıb, əcaib mənzərə yaradırlar, insanların
həyatını təhlükəyə atırlar. AYNA-nın əsas marağı odur ki, marşrutların sayı azaldılıb, avtobusların
sayı artırılsın. Mövcud marşrutlar da normal qrafik və intervalla hərəkət etsin.
Ekspertin açıqlamasından məlum oldu ki, burada söhbət avtobusların yox, marşrutların sayının
azaldılmasıdan gedir. Şəhərin ən böyük problemlərindən olan, xalqın “səbir kasa”sını dolduran
sıxlığın aradan qaldırılması üçün illərdir müxtəlif addımlar atılsa da, xeyri yoxdur. Əksinə, ilbəil
şəhər əhalisi artdıqca sıxlıq da artmağa davam edir. Nəticədə insanların ömrü kiçikdən böyüyə
hər kəsi narahat edən bu problemin həllini gözləyərək keçir.
Arzularımız çoxdur, onlardan biri də qarşıdan gələn yeni ildə Azərbaycanın sıxlıq problemindən
“qurtuluş”unu qeyd etməyimizdir.
Günay Elşən