Kinoteatr, yoxsa yemək salonu?

9-01-2024, 11:08           
Kinoteatr, yoxsa yemək salonu?
Qanun tamaşaçının tərəfindədir, sahibkar isə "burda qanun mənəm" deyir...
“Ötən gün dostlarımla kinoteatra getmişdik. Film izləyən zaman yemək üçün popkorn və çipsi
almışdıq. Amma gətirdiklərimizi içəri keçirməyə icazə vermədilər. Dedilər, yalnız onların
satdığı popkorn və ya çipsidən alsaq, keçə bilərik. Biz də 3 dəfə baha satılan eyni məhsulu
onlardan almadıq, narazılığımızı bildirdik. Nəticədə, bizi öz popkorn və çipsimizlə içəri
buraxmadılar, aldıqlarımız girişdə qaldı…”
Bakı sakini Nəzrin Həsənli kinoteatrların ədalətsiz idarəetməsindən narazılığını bildirib. O
Pressklub.az-a açıqlamasında deyib ki, bu halla “CinemaPlus” şəbəkəsinin kinoteatrlarından
birində rastlaşıb.
Uzun zamandır ki, bəzi mədəniyyət ocaqlarımız bu formada mədəniyyətdən kənar hallar baş
verir. Ən əsası isə qanundan kənar. Onlar istehlakçı hüququnu tapdalayır, belə demək olar ki,
əllərini heç bir əsas olmadan insanların cibinə uzadırlar. Məsələni belə izah edək: kinoteatr,
konsert salonu və s. kimi mədəniyyət ocaqlarına tamaşaya gedən insanlar özləri ilə su və ya
çərəz növləri almağa peşman olurlar. İnsanların aldıqları qapıda qalır, öz satdıqlarından almağa
məcbur edirlər. Bunun səbəbini soruşduqda isə məkanın ictimai iaşə obyekti olduğunu deyib,
əməllərinə haqq qazandırırlar. Halbuki sözügedən məkanlar ictimai iaşə yox, mədəniyyət
obyektidir.
İnsanlar kinoteatra kino izləməyə gedir. Yəni, restorana girərkən insan əlində qida ilə girərsə,
məkanın sahibi buna icazə verməyə bilər. Çünki insan ora məhz yeməyə gedir. Amma qanuna
görə, mədəniyyət ocağında məkanın sahibinin bunu etməyə haqqı yoxdur. Çünki insanlar oraya
yemək üçün yox, film izləmək üçün gedirlər. Kinoteatrların da öz qanunu var. İnsan film zamanı
orada qanunsuz foto və video çəkiliş apararsa (piratçılıq – red.), buna etiraz edilib, icazə
verilməyə bilər. Digər hallarda isə qanunvericiliyə görə, haqqı yoxdur.
Yeri gəlmişkən, istehlakçının hüquqları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında
Azərbaycan Respublikasının Qanunu (https://e-qanun.az/framework/9479) ilə qorunur. Bu
qanuna görə, istehlakçıların hüquqlarının birbaşa və ya dolayısı ilə hər hansı şəkildə
məhdudlaşdırılmasına yol verilmir.
Hüquqşünas Şamil Paşayev Pressklub.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən,
hər hansı bir şəxs biletlə gedilən məkanlara kənardan özü ilə qida apara bilər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun tələbinə əsasən, birmənalı şəkildə
kinoteatrda, konsert salonunda və s. bilet satılırsa, şəxsin özü ilə gətirdiyi qida ilə keçməyə
icazə verməmək həmin istehlakçının hüquqlarını pozmaq deməkdir. Bu halda, həmin şəxslər
İqtisadiyyat Nazirliyi yanında anti-inhisar və istehlakçıların hüquqlarının müdafiəsi komitəsinə
şikayət edib, təzminat ala bilərlər”.
Hüquqşünasın sözlərinə görə, bu cür obyektlərə bilet alıb gələn insanlara öz aldığı su ilə
keçməyə icazə verilməməsi, eyni suyun onlara həmin obyektin özündə dəfələrlə yuxarı qiymətə
satılması insanları həm ikiqat xərcə salır, həm də onların hüquqlarını pozur.
Müsahibimiz deyir ki, vətəndaşlar məkana kənardan gətirdikləri qidanın təhlükəsizliyi ilə bağlı
özləri məsuliyyət daşıyır. Şəxsin konsert salonunda, kinoteatrda özü ilə gətirdiyi sudan, qidadan,
dərmandan istifadə etməsinə məhdudiyyət yoxdur: “Bu cür məhdudlaşdırıcı tədbirləri həyata
keçirənlər məsuliyyətə cəlb oluna bilər”.
Pressklub.az məsələyə aydınlıq gətirməsi üçün narazılığın yarandığı məkanın rəhbərinə –
“CinemaPlus”-un idarə heyətinin sədri Zaur Darabzadəyə müraciət edib. Sədr açıqlamasında
bildirib ki, kinoteatra kənardan qida məhsulu gətirməyə icazə yoxdur.

“Əslində buna bir neçə səbəb var. Məsələn, kənardan gətirilən yemək kinoteatrda olandan
fərqlənə və bu yeməklərin qoxuları qarışaraq, filmin nümayişi zamanı
digər tamaşaçılara mənfi təsir edə bilər. Eyni zamanda, diqqətsizlik səbəbi ilə bu yeməklərdən
zalda xüsusi silinməz ləkələr yaranır. Məsələn, ketçup, mayonez, fərqli souslar, şokolad ləkəsi
və s. xüsusi çərəzdir və digər yeməklərlə birlikdə qəbul edilməsi təhlükə yarada bilər.
Kinoteatrın daxilində “express-bar” mövcuddur. Restoranlara öz yeməyimizlə getmədiyimiz
kimi, kinoteatra da gətirməyimiz düzgün deyil. Çünki kinoteatrlar da restoranlar kimi iaşə
obyektidir”.
Belə görünür ki, Zaur bəyin ya qanunvericilikdən xəbəri yoxdur, ya da var, amma yoxmuş kimi
davranır. Hətta kinoteatrların mədəniyyət ocağı yox, restoran kimi iaşə obyekti olduğunu zənn
edir. Yeri gəlmişkən, “CinemaPlus”-un kinoteatrlar şəbəkəsi haqqında məlumatlarda oranın
ictimai iaşə obyekti olduğu da qeyd edilməyib.
Kinoteatrlara qida gətirilməsi qadağası isə “CinemaPlus”-un sinemaplus.az saytındakı
“Qaydalar” bəndində göstərilib. Qadağaları nəzərdə tutan 3.4. bəndində deyilir: “İzləyici zalına
kinoteatrdan kənarda alınmış istənilən qablaşdırmada qida və içki məhsullarını gətirmək
qadağandır”.
Sual olunur: Niyə?
Əvvəla, dünyanın hər yerində, elə Azərbaycanda da indiyədək kinoteatrlara bəzi növ çərəzləri özü
ilə aparmağa həmişə icazə verilib. Amma bu, heç bir halda onun iaşə obyekti olduğu anlamına
gəlmir. Əks halda, açıq səma altında keçirilən böyük konsert məkanları, böyük idman yarışlarının
(məsələn, futbol oyunları) keçirildiyi stadionlar da iaşə obyekti sayıla bilər?
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunu Zaur bəyin nəzərinə çatdırsaq da, o,
sözündən dönmədi. Maraqlıdır ki, cənab sədrə kinoteatrın barının menyusunda olan və satışına,
içəriyə aparılmasına nəinki icazə verilən, hətta təşviq edilən çərəz (popkorn, çipsi) və içki (su və
qazlı içkilər) barədə sual verilsə də o, öncə “mayonezli və qoxulu yeməklər”dən danışıb, sonra da
ümumiyyətlə, kənardan qida məhsulu gətirməyin qadağan olduğunu bildirdi. Bu yerdə cənab
sədrin nəzərinə çatdırmaq istərdik ki, insanlar kinoteatra kabab, şorba deyil, elə rəhbərlik etdiyi
kinoteatrda da satılan çərəzin eynisini aparırlar.
Sədr əlavə edir ki, kinoteatr kənardan gətirilməsi qadağa olunan həmin məhsulların öz barında
satılmasından və salona aparılmasına icazə verilməsindən xeyir götürür. Biz heç kimin
qazanmasının əleyhinə deyilik, lakin maddi maraqlar qanunları pozmaqla təmin edilməməlidir,
edilə bilməz.
Deputat, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı Pressklub.aza açıqlama verib. O da hesab edir ki, bu yanaşma yanlışdır və qanunlara ziddir.
“İstehlakçı hüququnu pozmaq olmaz. İnsan özü üçün kənardan keyfiyyətli məhsul
gətirib, yemək istəyirsə, buna niyə maneə olurlar? Rəhbərlik qida ilə bağlı natəmizliyə yol
verilməməsi üçün insanlara xəbərdarlıq edə bilər. Amma buna qadağa qoyub, öz məhsulundan
almağa insanları məcbur edə bilməz. Bəlkə onların satdığı məhsul keyfiyyətsizdir və istehlakçı
onu almaq istəmir? Bu yanaşma çox yanlışdır”.
Bu cür halların baş verməsinin əsas səbəblərindən biri də insanların öz hüquqlarından xəbərsiz
olması və lazım gəldikdə haqqını tələb edə bilməməsidir. Halbuki, bu cür qanun pozuntularına
səssiz qalmasaq, haqqımızı tələb etməyi bacarsaq, yaşam standartlarımız da yüksələr.
Günay Elşən
pressklub.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru