"Azərsu" daimi su istəyən əhaliyə su maşını göndərir - problemsə qalır...
1-08-2016, 19:22
Bülbülə qəsəbəsinin Ramiz Əliyev küçəsində yaşayan sakinlər uzun müddətdir suyun verilişdə yaranan fasilələrdən narazıdır.
Adıçəkilən küçənin sakinləri "APA-Economics"ə bildirib ki, iyun ayından etibarən burada yaşayan sakinlər susuzluqdan əziyyət çəkir. Aidiyyatı qurumlar bir neçə dəfə əraziyə su maşınları göndərsə də, bununla əhalinin suya olan tələbatını ödəmək mümkün olmayıb. Üstəlik, su maşınlarında göndərilən paydan hər kəs nəsibini ala bilməyib. "Bəzi ailələrə ümumiyyətlə su çatmayıb. Yay aylarında problem daha da ciddiləşir. Məsələdən dövlət qurumları da xəbərdardır, lakin dərdimizə əlac qılan yoxdur", - deyə sakinlərdən biri şikayət edir.
Şikayətçilər deyir ki, düşdükləri vəziyyət onları daha qəti addımlar atmağa vadar edir: "Problem həllini tapmazsa, biz Heydər Əliyev prospektini bağlamaq məcburiyyətində qalacağıq".
Məsələ ilə bağlı "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "APA-Economics"ə bildirib ki, artıq problemin həlli istiqamətində bir sıra addımlar atılır: "Həmin ərazinin bir hissəsi Sabunçu, digər hissəsi isə Suraxanı rayonlarının ərazisinə düşür. Biz burada müvafiq işlərin aparılmasına başlamışıq. Orada vətəndaşlar tərəfindən köhnə, Sovet dövründən çəkilmiş fərdi, primitiv şəbəkələr var və bu fərdi şəbəkələr yay aylarında hamının tələbatını ödəyəcək şəkildə su nəql etmir. Evi xəttin başlanğıcına yaxın olanlar rahat şəkildə su ilə təmin olunur, digərləri isə problemlə üzləşir. Bununla belə, biz hətta gecə saatlarında da olsa şəbəkəni idarə edirik ki, o hissələrə su verə bilək. Amma həmin ərazidə həyət evləri olduğundan bizim texniki imkanlarımız məhdudlaşır. Yay aylarında suya tələbat çox olduğundan boru xəttində hamının tələbatına uyğun su olmur. O xəttin son hissəsinə düşən evlərdə də suyun verilişində yaranan problem bununla bağlıdır".
A. Cəbrayıllı əlavə edib ki, bütün problemlərə baxmayaraq, artıq həmin ərazinin bir hissəsində yeni şəbəkələr, smart sayğaclar qurulub, yeni şəbəkə qurulan hissələrdə vətəndaşlar normal qaydada su ilə təmin olunurlar: "Hal-hazırda həmin küçənin Sabunçu qəsəbəsi istiqamətində işlər davam etdirilir. O xəttin üzərinə xeyli vətəndaş düşür. Bir abonentin su alıb, o birinin almaması bizi də narahat edir. Biz çalışırıq ki, bu sistemi maksimum dərəcədə elə tənzimləyək ki, vətəndaşların hamısı su ala bilsin. Yeni şəbəkə qurulan ərazilərdə də su problemi var idi, amma artıq yoxdur. Buna görə, qeyd olunan ərazidə yeni şəbəkə qurulmazsa, biz istəsək də orada normal su təchizatını apara bilməyəcəyik".
Sonda qurum rəsmisi bildirib ki, yaranmış problem nəzarətə götürülüb və həmin əraziyə su maşınları göndəriləcək.