Azərbaycanda benzin bahalaşacaq? – Rusiya satışı dayandırır...

29-02-2024, 00:03           
Azərbaycanda benzin bahalaşacaq? –
Rusiya hökuməti martın 1-dən etibarən benzin ixracına qadağa qoyur. Qadağa, hələlik, altı aylıq bir dövrü əhatə etməlidir.

Rusiya rəsmiləri bu qadağanı irəlidən gələn tarla işlərinə görə yanacağa tələbatın artması ilə əlaqələndirirlər.

Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir. Bəs bu qadağa Azərbaycanda benzinin bahalaşmasına səbəb ola bilərmi?

Azərbaycan Aİ-92 markalı benzindən fərqli olaraq, Aİ-95 və Aİ-98 istehsal etmir. Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunduğu açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib.

Həmçinin hesabat dövründə Azərbaycan Belarusdan, Rumıniyadan, Yunanıstandan, Gürcüstandan, Birləşmiş Ərəb Əmirliklərindən və Bolqarıstandan Aİ-95 idxal edib.

Aİ-98 markalı benzinə gəlincə, ötən il onun idxalı 21.6 faiz artıb və 2 min 31 ton təşkil edib. Rumıniyadan 976.21, Rusiyadan 357.1, Belarusdan 593.8, Gürcüstandan 104.24, ABŞ-dən isə 0.04 ton Aİ-98 benzini gətirilib.

Azərbaycana Aİ-92 markalı benzinin isə idxalı azalıb. Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 64 min 302 ton Aİ-92 idxal edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 67.7 faiz azdır. Ən böyük idxal (25 min 971 min ton) Türkmənistandan həyata keçirilib. Litvadan 20 min 943 ton benzin alınıb. Rusiyadan isə 17 min 388 min ton idxal edilib.

Məsələyə, hələlik, Azərbaycanın hökumət rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə "Turan"a açıqlamasında ümid etdiyini bildirib ki, Azərbaycan tezliklə Rusiyadan idxal olunan yanacağı digər mənbələr ilə əvəzləyə biləcək.

Lakin deputat hesab edir ki, Rusiyanın benzin ixracına qoyduğu qadağa Azərbaycanda benzinin qiymətlərinə təsir etməyəcək: "İstisna deyil ki, Rusiya da öz qərarını ləğv edə bilər. Rusiyanın hazırda bir neçə istiqamət üzrə sanksiyalara görə problemi var, onlar da bu qadağanı müvəqqəti olaraq tətbiq ediblər. İstisna deyil ki, ehtiyacları olduğuna görə onlar öz qərarlarını ləğv edəcəklər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.