"Güya ki, tikili standartlara uyğun deyil deyə, FHN rəy vermir..." - ETİRAZ VAR...

3-04-2024, 15:38           
 "Güya ki, tikili standartlara uyğun deyil deyə, FHN rəy vermir..." - ETİRAZ VAR...
Babək rayon Nehrəm qəsəbə sakinləri kütləvi etiraz aksiyasına hazırlaşır. Buna səbəb təmiri bir neçə ay öncə başa çatmış 3 saylı orta məktəbin istifadəyə verilməməsidir. Həmin məktəb üç ildən artıqdır ki, təmir adı ilə bağlanıb. Bu səbəbdən məktəbin yaxınlığında yaşayan 600-ə yaxın şagird kilometrlərlə aralıda olan başqa bir məktəbə gedirlər.
Qəsəbə sakinləri deyirlər ki, bu illər ərzində döymədikləri qapı qalmasa da, şikayətlərinə baxan olmayıb. Elə buna görə də, kütləvi aksiyalara başlamağı qərara alıblar. Aksiyanın məqsədi aidiyyəti qurumların diqqətini problemə yönəltməkdir.
İki övladı məktəbli olan qəsəbə sakini H. Qəmbərova deyir ki, gününü yarısını yollarda keçirməli olur:
“Məktəbin tikintisi demək olar ki, başa çatıb, açılışını edib, istifadəyə vermək istəmirlər. Belə getsə, hələ çox əziyyət çəkməli olacağıq. Övladımın biri 1-ci sinifdə, degəri isə 3-cü sinifdə oxuyur. Fərqli satlarda dərsə gedirlər. 2-3 kilometr yolu hər gün bir neçə dəfə mən də məktəbə gedib-gəlməli oluram. Birini aparıb qoyuram, qayıdıb gəlirəm, bir neçə saatdan sonra ikincini aparıram, orada gözləyib o birini gətirirəm. Sonra yenidən gedib digərini gətirməli oluram. Halbuki, 3 saylı məktəb evimizə çox yaxındır. Uşaqların özləri gedib-gələ bilərlər”.
Digər şikayətçi C. Gülməmmədov deyir ki, məktəbin açılışı təmiri aparan tikinti şirkəti FHN-ə rüşvət vermədiyi üçün gecikdirilir:
“Təkcə uşaqlar deyil, valideyinlər də, müəllim kollektivi də əziyyət çəkirlər. Güya ki, tikili standartlara uyğun deyil deyə, FHN rəy vermir. Əslinə baxsan, digər məktəblər də standartlara uyğun tikilməyib. Sadəcə FHN-ə rüşvət verilməyib, ona görə də rəy vermək istəmir. Bunun müqabilində də yüzlərlə şagird, onların valideynləri əziyyət çəkir. Bu səbəbdən etiraz aksiyasına qərar vermişik”.
Adıçəkilən məktəbin təmirinə 2021-ci ildə başlanılıb. 2022-ci il martın 31-də tikinti işləri aparılarkən binanın bir divarının çökməsi nəticəsində 3 tikinti işçisi həlak olub, bir nəfər isə xəsarət almışdı. Bundan sonra məktəbdə əsaslı təmir işlərinə başlanılmışdı.

Gündəlik Naxçıvan












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.