Moskvaya göndərdiyi sumka “yoxa çıxdı”, məhkəmə 3300 manat cərimə kəsdi – “Aldığım 80 manat təqaüdün 40 manatı borca çıxılır”

9-04-2024, 00:07           
Moskvaya göndərdiyi sumka “yoxa çıxdı”, məhkəmə 3300 manat cərimə kəsdi –
Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, 6-cı məhəllənin sakini Hüseynov Bəşir Bəhram oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, xəbəri olmadan məhkəmə ona 3300 manat cərimə kəsib:

“Mən, Hüseynov Bəşir Bəhram oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, uzun müddət avtovağzalda avtobuslarda fəhlə kimi işləmişəm. Akif adlı bir şəxs iki sumka təqdim etdi ki, bunu Moskva şəhərinə göndər. Bu hadisə 2015-ci ildə baş verib. Sürücülərə təqdim etdikdən sonra sumkalar yoxa çıxıb.

Həmin Akif adlı şəxs ünvanımı taparaq məni məhkəməyə verib. Mənim isə məhkəmə proseslərindən xəbərim olmayıb.

İddiaçı şəxs ərizəsində qeyd edib ki, guya, sumkanın içində bahalı mallar olub və itməsində də məni günahkar görüb.

Sumkanın Moskva şəhərinə göndərilməsi üçün cəmi 100 manat ödəniş edilmişdi. İçində qiymətli mal var idisə, bu adam niyə bizə tapşırmırdı kı, biz də işimizi bilərdik?!

Sumqayıt Şəhər Məhkəməsi mənim iştirakım olmadan 2016-cı ildə qərar qəbul edib ki, o şəxsə 3300 manat ödəməliyəm. Hakim ortada sübut olmadan bu qədər məbləği necə kiminsə boynuna qoya bilər?!

Özüm müharibə veteranıyam, aldığım 80 manat təqaüdün 40 manatı borca çıxılır. Yüzlərlə sumka aparmışıq, heç vaxt belə problemimiz olmayıb. Bəlkə, Moskvada sumkanı götürüblər, buna deyiblər ki, götürməmişik. Məhkəmə işi araşdırmadan bu qərarı necə verib, başım çıxmadı.

Yaşımla əlaqədar artıq heç yerdə işləmirəm, səhhətimdə də problemlərim çoxdur. Belə qanun olar? 80 manat pulun özü nədir ki, hələ onun 40 manatını da borca tuturlar?!

Mən cənab Prezidentdən xahiş edirəm ki, mənə qarşı çıxarılan haqsız qərarla bağlı müvafiq qurumlara tapşırıq versin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.