“Azərizolit” əmək hüquqlarını pozmaqda ittiham olunur – Külli miqdarda vergi borcu da var

9-04-2024, 07:24           
“Azərizolit” əmək hüquqlarını pozmaqda ittiham olunur – Külli miqdarda vergi borcu da var
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azərizolit” MMC məhkəməyə verilib.

Qaynarinfo-nun məlumatına görə, şirkət rəhbərliyi əmək hüquqlarını pozmaqda təqsirləndirilir.

Buna görə rəhbərlik barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi əsasında protokol tərtib olunub və iş məhkəməyə göndərilib. Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən yazılıb.

Həmin maddəyə əsasən, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir.

İşə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Güləndam Quliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən “Azərizolit” MMC-nin direktoru vəzifəsinə İsmayılov Şaiq Nazim oğlu gətirilib. Nizamnamə kapitalı 9.828.300 manat olan şirkətin hazırda 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 98.034,74 manat vergi borcu var.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.