MB-a, ciddi iş görmək istədikləri hiss olunan, amma bəsit iqtisadi model səbəbi ilə imkanları məhdud olan komanda...

10-04-2024, 10:04           
MB-a, ciddi iş görmək istədikləri hiss olunan, amma bəsit iqtisadi model səbəbi ilə imkanları məhdud olan komanda...
Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının sədri hörmətli Taleh Kazımovun dəvəti ilə son aylarda 3-cü dəfə MB-da görüşümüz oldu. Təqribən 3 saat çox maraqlı müzakirə baş tutdu, əsasən MB-ın elan etdiyi 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası ciddi müzakirəyə səbəb oldu.
Görüş isə hörmətli Taleh müəllimin maraqlı bir məlumatı ilə açıldı – MB sərdi və bəzi komanda üzvləri, ölkənin aparıcı banklarının rəhbərləri ilə ABŞ-a uzunmüddətli işgüzar səfərə çıxırlar. Görüşlərdə əsas məsələ Azərbaycan Banklarının ABŞ maliyyə institutları ilə əməkdaşlığının dərinləşməsi olacaq –ümid edirəm ki, Bank sisteminin dayanıqlığının və Qərb maliyyə instututları ilə əməkdaşlığın artırılması üçün töhvə verəcək səfər olacaq.
Görüşdə inflyasiya, maliyyə bazarı, bankların fəaliyyəti, məzənnə və kredit siyasəti – bir çox məsələlər, problemlər müzakirə olundu. Bir daha məlum oldu ki, Bank sistemində böyük likvidlik var, amma kreditlər artmır. Ümumiyyətlə, ölkənin qeyri-proporsional inkişaf etdiyi göstərən məsələlərdən biri budur ki, məmləktdə kredit portfelinin 79%-i Bakının payına düşür. Ümumən biznes kreditlərinə maraq azdır – niyə azdır, çünki biznes mühit yaxşı, rəqabət ortamı münasib deyil. Bizdə Banklar hələ də depozit götürüb kredit verməklə pul qazanır, investisiya bankçılığı inkişaf etməyib, Banklar investisiya institutuna çevrilə bilmirlər. Bunun səbəbi isə ölkədəki ümumi durumdur.
Mən sonda qısa çıxış edib MB-ın, doğrudan da, çox iş görmək istəyən komandasına uğurlar arzuladım, amma indiki sistemdə MB-dan çox az asılı məsələlər olduğunu da vurğuladım, yəni, hökumətin siyasəti tamamən dəyişməsə, MB-ın görə biləcəyi iş çox azdır. Qeyd etdim ki, əslində MB ciddi Dövlət qurumu olaraq hökumətə, sözün yaxşı mənasında, müxalif olmalıdır (müxalif sözü əla sözdü), yəni, hökumətin iqtisadi siyasətinə müstəqil siyasət yürütməklə təsir etməlidir. Ona görə də, istənilən Strategiyanın əsas hədəfi MB-ın güvənilən, sözü keçən, hökuməti də işləyəmə məcbur və təşviq edən müstəqil Dövlət İnstututu olmaqdır – sonra bir çox məsələlər düzələcək.
Bir daha dəvət və maraqlı müzakirələr üçün MB-a, ciddi iş görmək istədikləri hiss olunan, amma bəsit iqtisadi model səbəbi ilə imkanları məhdud olan komandaya təşəkkür edirəm.
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.