Orqanik məhsul tapmaq mümkün deyil - Südə, qatığa, kəsmiyə nişasta vurulur

19-04-2024, 00:09           
Orqanik məhsul tapmaq mümkün deyil - Südə, qatığa, kəsmiyə nişasta vurulur
Mağazalarda, marketlərdə satılan yerli süd məhsullarının, xüsusilə pendir, şor, kəsmik kimi qidaların tərkibində insan orqanizmi üçün zərərli maddələrin olduğu bildirilir.

İddia olunur ki, məhsulların emalı zamanı onların ağ görünməsi, gec xarab olması üçün kimyəvi qatqılar əlavə edilir ki, bu da sağlamlıq üçün zərərlidir.

Mövzu ilə bağlı TNS-in suallarını cavablandıran qida üzrə ekspert Ağa Salamov bildirib ki, süd və süd məhsulları qısaömürlü olduğundan onlara kiflənməyə, tez xarab olmaya, tərkibindəki zərərli bakteriyalara qarşı müəyyən qoruyucular qatılır: “Natrium-benzoat kimi vasitələr süd məhsullarında potensial zərərli bakteriyaların, kiflərin, zərərli mikroorqanizmlərin yaranmasına və böyüməsinə mane olur. Bunlar qatqı maddələridir. Əgər həmin qatqı maddələri vurulmasa, gərək süd və süd məhsulları 2-3 gün ərzində istehlak olunsun ki, bu da mümkün deyil. Hazırda sənaye üsulu ilə hazırlanan süd və süd məhsullarında qatqı maddələrindən istifadə edilir. Məsələn, qatığın, kəsmiyin qatılığının istənilən səviyyədə olması üçün nişasta, jelatin vurulur. Məhsulda nişasta olub-olmadığını yodla müəyyənləşdirmək mümkündür. Üzərinə yod tökürsən, əgər göyərirsə, deməli, tərkibində nişasta var.

Bunlar istehsalçının hilələridir. Məsələn, nişasta, jelatin vurulur ki, xama sulanmasın, süd çürüməsin, kəsmiyi istədikləri formaya salsınlar”.

Ekspert deyib ki, bu qatqı maddələri süd və süd məhsullarına əslində əlavə edilməməlidir: “Standartlara görə, hardasa 5 faizədək nişastaya icazə verilir. İşbazlar isə bu həddi aşırlar. Bu da bəzən məhsulun daha tez xarab olması ilə nəticələnir. Bəzən isə zəhərlənmələrə, istehlakçılarda mədə-bağırsaq problemlərinə səbəb olur.

Əgər tam orqanik məhsul istəyiriksə, kənddən gələn məhsullara üstünlük verməliyik. O da dediyim kimi, 0 - +4 temperaturda ən çox 72 saat saxlanıla bilər.

Bir də pastorizasiya mexanizmi var – yəni sənaye üsullarından istifadə edilməklə əldə olunan məhsullar. Məsələn, süd 15 saniyədə 75 dərəcəyədək qızdırılır. Bu da südün ömrünü uzadır. Çünki qızdırılma nəticəsində südün tərkibindəki zərərli bakteriyalar məhv olur”.

Ağa Salamov vurğulayıb ki, əvvəlcə sağlam qida məhsullarının istehsalı üçün şərait yaradılmalıdır: “Mən də sağlam qida istehsal və istehlakının tərəfdarıyam. Hər zaman zərərli qida satanlarla mübarizə aparmışam. Amma gəlin bir şeyə də nəzər salaq: kənd təsərrüfatının inkişafı üçün nə edilir? Fermer üçün hansı şərait yaradılır ki, orqanik, sağlam məhsul yetişdirsin.

Sənaye üsulu ilə hazırlanmış bütün məhsulları toplayaq, geriyə nə qalacaq? Kənd Təsərrüfatı Nazirliyinin bir fəaliyyətini görmürük. Minlərlə hektar torpaq boş qalıb. Ənənəvi toxumları, sortları artırmaq lazımdır. Amma Kənd Təsərrüfatı İnstitutuna dəstək verilmir. Unun tərkibinə dəmir qatıb satmazdan əvvəl torpaqda buğda əkmək lazımdır. Deyirlər, su dəyirmanına ehtiyc yoxdur, o zaman Günəş enerjisi ilə işləyən dəyirmanlar quraşdırılsın. Amma bacarmırlar. Bunu da nazirliyin əvəzinə dövlət başçısı düşünməlidir?

Məsələn, idxal pomidoru yığışdırsaq, yerli pomidorun qiyməti neçəyə qalxacaq? Bunu hesablayan var? Çünki daxili tələbatı ödəyəcək qədər pomidor əkilmir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.