İqtisadiyyatı neft "xilas" edir... Azərbaycanda balıqartırma müəssisələri bir-bir sıradan çıxır

19-04-2024, 09:19           
İqtisadiyyatı neft "xilas" edir... Azərbaycanda balıqartırma müəssisələri bir-bir sıradan çıxır
Araşdıranda məlum olur ki, iqtisadi sahələrin əksərində geriləmə var. Həmişə olduğu kimi, Azərbaycan iqtisadiyyatını neft xilas edir. “Azerilight”ın bareli 93 dollara satımağa başlayıb. Qeyri-neft sektoru isə ən yaxşı halda yerində sayır. Bəzi istiqamətlərdə aşkar geriləmə nəzərə çarpır. Rəqəmlər nikbinliyə heç yer qoymur. İstehsal sahələrini yarıtmırıq.
Bizimyol.info xəbər verir ki, Azərbaycanda balıqartırma müəssisələri bir-bir sıradan çıxır. Hesablama Palatası bu müəssisələrin dövlətə böyük xərc bahasına başa gəldiyini açıqlayıb. Qurum bildirib ki, özəlləşdirmə prosesinin gecikməsi vəziyyəti müərkkəbləşdirir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-2017-ci illərdə ölkədə 12 balıqartırma müəssisəsi fəaliyyət göstərib. Sonrakı 4 il ərzində say 8-ə düşüb. 2020-ci ildə həmin müəssisələrdən daha 1-i bağlanıb. İndi isə balıqartırma müəssisələrindən cəmi 3-ü ayaqda qalıb. Hələ keçən il vəziyyətin çox pis olduğu açıqlanmışdı. Müəssisələrin iki il ərzində 25 min daha az qızıl balıq buraxdığı bildirilmişdi. Çəkikimilərə aid balıq növləri üzrə göstəricilər isə daha bərbad görünürdü. Üç dəfəyə yaxın azalma qeydə alınmışdı.

Təsəvvür edin, dövlətin nə qədər pulları havaya sovrulub. Axırıncı dəfə 4 müəssisə fəaliyyətini dayandırmazdan əvvəl dövlət büdcəsindən bu istiqamətə 143 min manat ayrılmışdı. Buna qədər də böyük məbləğlər xərclənmişdi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının statistik məlumatlarına baxanda görürük ki, Azərbaycan vətəndaşları normadan xeyli az balıq yeyir. Dünyada adambaşına düşən orta illik göstərici 18 kiloqramdır. Rəsmi qurumlar guya bizdə balıq yemək imkanlarının artaraq adambaşına 7,5 kiloqrama çatdığını bildirir.

Hesablama Palatasının açıqlamasından hiss olunur ki, əldə qalan üç müəssisə də bağlanmaq təhlükəsi yaşayır. Həmin müəssisələri yalnız özəlləşdirilmə xilas edə bilər. Ölkə iqtisadiyyatı yenə bizi təəccübləndirmir. Hər hansı iqtisadi konsepsiya olmadığından, nəyə əl atırıqsa, uğursuzluğa uğrayırıq. Çünki hazıra nazir olmağa alışmışıq. Bizimki odur ki, yerdən neft çıxsın, satıb puluna ayrı-ayrı sahələri ölməyə qoymayaq. Danışanda da deyək ki, ölkə iqtisadiyyatı inkişaf edir. Halbuki əksər sahələrdə durğunluq müşahidə edilir. Neft bitəndə yaman günə qalacağıq.

Aytən, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.