“Xəzər dənizinin səviyyəsini qorumaq mümkün deyil“ - AMEA
6-06-2024, 00:05
"Xəzər dənizinin sahil zonasının infrastrukturunun layihələşdirilməsində yeni konsepsiyanın tətbiqi məqsədəuyğundur".
APA xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü Rauf Qardaşov bu gün Coğrafiya İnstitutunda keçirilən “Azərbaycanda müasir iqlim dəyişmələrinin təbii komplekslərə və təsərrüfat sisteminə təsiri” adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Xəzər dənizinin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin sosial-iqtisadi həyatına ciddi təsir edən amildir və bu təsir əhalinin və sənayenin böyük ölçüdə cəmləşdiyi Xəzərin Azərbaycan sahili zonasında özünü daha qabarıq şəkildə göstərir:
"Sahil zonası infrastrukturunun (dəniz limanlarının, şose və dəmir yollarının, turizm-rekreasiya obyektlərinin, neft-qaz platformalarının və nəql xətlərinin, bərpa olunan külək, Günəş, dalğa enerji qurğularının) layihələndirilməsi mərhələsində səviyyə dəyişmələrinin nəzərə alınması vacib olan ən əsas amillərdən biridir. Bu layihələrin çoxu gələcək onilliklər üçün səviyyənin kifayət qədər dəqiq, 0.5 metri aşmayan xəta ilə proqnozunu tələb edir".
O, həmçinin əlavə edib ki, Xəzərdən fərqli olaraq okeanlarda səviyyə dəyişmələri əsasən (ebb and flow) qabarma və çəkilmə nəticəsində baş verir və bu dəyişmələrin vaxtı dəqiq təyin edildiyi üçün dəniz nəqliyyatının fəaliyyətinə demək olar ki, təsir etmir. Belə ki, gəmilər öz hərəkətlərini öncədən tənzim edirlər və limana səviyyə sabit olduğu zaman yaxınlaşırlar:
"Xəzər dənizində uzunmüddətli səviyyə dəyişmələrinin yetərincə dəqiq təyini mümkün olmadığı üçün sahil zonası infrastrukturunun layihələndirilməsində yeganə doğru strateji səviyyə dəyişmələrə adaptasiya oluna bilən inşaat texnologiyalarının tətbiqinin olduğu görülür".
Alimin sözlərinə görə, belə bir strategiyanın işlənməsinin iqtisadi nöqteyi-nəzərdən səmərəli olacağı öncədən görülə bilər:
“Buna əsas olaraq bu faktı göstərə bilərik - dünyanın ən cəlbedici çimərliklərinə malik olan İndoneziya, Filippin və Mayaminin sahil zonalarını zaman-zaman sunami və tornado tamami ilə məhv edir. Buna rəğmən, qısa müddətə (bir sonraki turizm mövsümünə qədər) bu turistik obyektlər bərpa edilir. Bu ona görə mümkün olur ki, bu infrastruktur obyektləri yüngül konstruksiyalı materiallardan estetik gözəllik nəzərə alınmaqla tikilir. Xəzər dənizində səviyyə dəyişmələri tədricən gedən proses olduğu üçün infrastruktur obyektlərinin gözlənilmədən məhvi riski demək olar ki, yoxdur. Yetər ki, onlar səviyyə dəyişmələrinə adaptasiya oluna biləcək şəkildə, yəni sürüşdürülə və qaldırılıb-endirilə bilən texnologiyalar əsasında inşa edilsin".