RAYON XƏSTƏXANALARININ QOYDUĞU DİAQNOZU TƏBİB QƏBUL ETMİR – Qəbələ sakinindən rəsmi qurumlara müraciət / Foto
6-06-2024, 08:24
Qəbələ rayonu, Zaragan kənd sakini Məmmədov Rüfət Ağabala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladına nə sağlamlıq haqda arayış ala bilir, nə də xəstəlik kağızı verirlər:
“Mən, Məmmədov Rüfət Ağabala oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Hazırda nə edəcəyimi bilmirəm. Hara gedirəm yarımcıq cavablarla evimə qayıdıram.
Övladım 2 yaş 8 aylıqdır, danışa bilmir. Qəbələ Rayon Xəstəxanasında uşaga “autizm sindromu” diaqnozu qoydular. Şəki Rayon Psixiatriya Xəstəxanasına göndərdilər. Orada da uşağa qoyulan diaqnoz öz təsdiqini tapdı.
Sənədləri TƏBİB-ə göndərdik, 6 ay keçdikdən sonra 142 xidmətinə zəng vurub məsələ ilə bağlı maraqlandım. TƏBİB-dən bildirdilər ki, sorğunuza rədd cavabı gəlib. Səbəbini soruşanda isə, mənə dedilər ki, 4 yaşa qədər olan uşaqlara bu diaqnoz qoyula bilməz.
Elə oyun qururlar ki, sanki o diaqnozu biz evdən qoymuşuq. İndi isə hansı xəstəxanaya aparırıq, uşağa yenə eyni diaqnozu qoyurlar.
Çarəsiz qalmışıq, müalicələr həddindən artıq bahadır, çatdıra bilmirəm. Həkimlər bildirir ki, müalicəni etdirməsəniz uşağın vəziyyəti ağırlaşa bilər.
Şəki Rayon Psixiatriya Xəstəxanası və Qəbələ Rayon Xəstəxanasının həkimləri diaqnoz qoya bilmirsə, onda niyə həkim işləyirlər? Bu həkimlərin verdiyi rəy sayılmırsa, niyə həkim işləyirlər?
Məsələ ilə bağlı səlahiyyətli qurumlardan suallarıma cavab və kömək istəyirəm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.