Saysız-hesabsız narazılıqların olduğu sahə: Niyə düzəlmir?

6-06-2024, 16:50           
Saysız-hesabsız narazılıqların olduğu sahə: Niyə düzəlmir?
“Azərbaycan banklarının əsas hədəfi müştərilərinə sığorta məhsullarını münasib qiymətə təqdim etməkdir”. Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib. "Hazırda verilən kreditlərin 95 %-dən çoxu sığorta ilə təmin edilməyib. Bazar böyüdükcə sığorta haqlarının azalmasını müşahidə edə biləcəyik", - deyə o qeyd edib.

Maraqlıdır, vətəndaşların sığortaya marağının olmamasına səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Azərbaycanda sığorta şirkətləri ilə bağlı etibar və güvən problemləri mövcuddür:

“Çünki sığorta bazarında demək olar ki, rəqabət mühiti yoxdur. Rəqabətin olmaması nəticə etibarı ilə sığorta qiymətlərinin bazarın şərtlərinə uyğun olmamasıyla sonuclanır. İcbari sığorta üzrə daşınan və daşınmaz əmlak üzrə icbari sığortaların vahid tarifləri müəyyən edilsə də, sərbəst sığorta hərəkəti üzrə qiymətlər kifayət qədər bahadır. Məsələn, vətəndaşlar könüllü olaraq daşınan və daşınmaz əmlakları, hətta sağlamlıqları ilə bağlı sığortaya müraciət etmək istədikdə, onlara təklif edilən illik sığorta ödənişləri kifayət qədər yüksək olur. Nəticədə sığortaya maraq azalır”.

İqtisadçı bildirib ki, Azərbaycanda sığortalanmada vətəndaşlar güvən və etibar məsələsində çətinliklər yaşayırlar:

“Biz adətən sığorta ödənişlərində fiziki və hüquqi şəxslərin ciddi problemlərlə üzləşdiyini görürük. Ən müxtəlif bəhanələrlə sığorta hadisəsi üzrə ödənişlərin həyata keçirilməsindən yayınmalar olur. Saysız-hesabsız narazılıqların olması Azərbaycan vətəndaşlarınının sığorta sisteminə olan etibarını sarsıdır”.

O qeyd edib ki, bu sahədə rəqabət mühitinin olmaması sığorta şirkətlərinin bazarda rəqabətsiz fəaliyyət göstərməsi onlara istədiklərini etməyə imkan yaradır:

“Qanunvericilikdə olan boşluqlar sığorta hadisəsi zamanı onun qiymətləndirilməsi, sığorta ödənişləri ilə bağlı çətinliklərə səbəb olur. Əsasən sığorta olunan tərəflərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilikdə kifayət qədər çatışmazlıqlar var. Bu məqamlar ortadan qaldırlarsa, ölkədə sığorta sistemi daha sağlam şəkildə həyata keçirilə bilər”.

O əlavə edib ki, icbari sığorta sistemini nəzərə almasaq, könüllü sığorta sistemi mexanizm olaraq vətəndaşların maraqlarına cavab vermir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.