Karantin müddəti başa çatır – Quru sərhədlər açılacaq? - Açıqlama
12-06-2024, 17:24
Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun bu ilin aprelində imzaladığı qərarla Azərbaycanda kanatin rejiminin müddəti iyulun 1-dək uzadılıb. Artıq bu müddətin bitməsinə bir neçə həftə qalıb və insanlar quru sərhədlərin açılacağı ilə bağlı xəbəri gözləyirlər.
Maraqlıdır, quru sərhədlər açılacaq, yoxsa karantin rejiminin müddəti yenidən uzadılacaq?
Məsələ ilə bağlı Bakupost.az –a danışan millət vəkili Müşfiq Cəfərov bildirib ki, yaxın zamanlarda bu məsələ ilə bağlı yeni qərar verilə bilər.
Onun sözlərinə görə, Gəncə, Tovuz, Qazax və digər yaxın rayonların əhalisi pandemiyadan əvvəl səyahət, müalicə və ticarət məqsədilə tez-tez Gürcüstana gedirdilər:
"Hazırda Gürcüstanla quru sərhədlər bağlıdır. Təyyarə ilə gediş isə yalnız Bakıdandır. Təklif edirəm ki, ən azından sərhədlər bağlı qalan müddətdə Gəncədən Tiflisə AZAL həftədə 1-2 dəfə reys təşkil etsin. Çünki müalicə və s. məqsədlərlə Gürcüstana getmək istəyənlər məcbur olub Bakıya gəlir və buradan Tiflisə uçurlar".
Deputat məsələ ilə bağlı əsas qərarı isə yaxın vaxtlarda Nazirlər Kabinetinin verəcəyini bildirib:
"Yəqin ki, tezliklə bu məsələ ilə bağlı müsbət qərar verilər. Vəziyyəti analiz etmək lazımdır. Biz millət vəkiliyik. Bizə müraciətlər daxil olur. Deputatı olduğum Gəncədən də insanlar çoxlu müraciətlər edir, istəyirlər ki, quru yolu açılsın. Amma karantin uzadılsa, vəziyyətdən çıxış yolu kimi Gəncədən təyyarə reysləri təşkil olunmalıdır”.